İyul 15, 2026
Baku
Dünya İdman Xəbərlər

Dünya Kubokunda ilk finalçı – İspaniya

2026-cı il FIFA Dünya Kubokunun ilk yarımfinal oyununda İspaniya Fransanı 2:0 hesabı ilə məğlub edərək finala yüksələn ilk komanda oldu. Beləliklə, İspaniya turnir tarixində ikinci dəfə Dünya Kubokunun finalında oynamaq hüququ qazandı.

Dallas şəhərində keçirilən və TRT 1 ilə “Tabii” platformasında canlı yayımlanan görüşdə İspaniyanın qollarını 22-ci dəqiqədə penaltidən Mikel Oyarzabal, 58-ci dəqiqədə isə Pedro Porro vurdu.

Oyunun əvvəlindən topa daha çox nəzarət edən İspaniya mərkəz zonasında üstünlük qurdu. Fransa isə əsasən sürətli əks-hücumlar və Kylian Mbappenin fərdi bacarığı hesabına təhlükə yaratmağa çalışdı. Turnuvada bu matçadək 8 qol vuran Mbappe İspaniya müdafiəsi qarşısında təsirsiz qaldı və 90 dəqiqəni qolsuz başa vurdu.

İlk hissədə Yamalın cərimə meydançasında yıxılmasından sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Oyarzabal hesabı açdı. İkinci hissədə isə Dani Olmo ilə uğurlu kombinasiyadan sonra Pedro Porro fərqi iki topa çatdırdı.

Fransa son dəqiqələrədək hesabı dəyişməyə çalışsa da, İspaniya müdafiəsi və qapıçı Unai Simon inamlı çıxışı ilə buna imkan vermədi.

İspaniya finala yüksəldi

70 min tamaşaçı tutumuna malik Dallas stadionunda keçirilən qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılan İspaniya 2010-cu ildəki çempionluğundan sonra ilk dəfə Dünya Kubokunun finalına vəsiqə qazandı.

İspaniya 19 iyulda Nyu-Yorkda keçiriləcək finalda Argentina – İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək.

Maraqlı faktlar

Fransa ardıcıl üçüncü Dünya Kuboku yarımfinalını oynasa da, bu dəfə finala yüksələ bilmədi.

İspaniya Fransa üzərində rəsmi oyunlarda ardıcıl üçüncü qələbəsini qazandı.

Lamine Yamalın vurduğu bir qol ofsayd səbəbindən qeydə alınmadı.

Kylian Mbappe turnuvadakı 8 qolla bombardirlər siyahısında zirvədə qalsa da, bu görüşdə fərqlənə bilmədi.

İspaniya məğlubiyyətsizlik seriyasını 37 oyuna çatdırdı.

Fransa millisinin baş məşqçisi Didye Deşam Dünya Kuboku tarixində ən çox oyuna (26) çıxan baş məşqçi oldu və bu görüş onun millinin sükanı arxasındakı son matçı kimi yadda qaldı.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az