Yeni bir araşdırma göstərir ki, şəkəri tamamilə rasiondan çıxaran həddindən artıq məhdudlaşdırıcı qidalanma metabolik tarazlığı pozur. Şəkərsiz qidalanan qrupda insulin müqavimətinin artdığı, bağırsaq mikrobiotasının pozulduğu və iltihab göstəricilərinin yüksəldiyi müşahidə olunub. Mütəxəssislər şəkər qəbulunu artırmağı deyil, qidalanmada müxtəliflik və balansı qorumağı tövsiyə edirlər.
Sağlam həyat tərzi üçün bir çox insan şəkəri tamamilə rasiondan çıxarmağın ən doğru seçim olduğunu düşünür. Lakin son araşdırmalar göstərir ki, qidalanmanı yalnız bir qida komponentini tamamilə aradan qaldırmaq üzərində qurmaq düzgün yanaşma deyil. Orqanizm ayrı-ayrı qidaları deyil, onların birlikdə yaratdığı ümumi təsiri qiymətləndirir.
Rafinə edilmiş şəkərin həddindən artıq qəbulu piylənmə, 2-ci tip diabet, ürək-damar xəstəlikləri və diş çürüməsi riskini artırsa da, sağlam qidalanma təkcə şəkərdən imtina etmək demək deyil.
Araşdırma nəyi göstərdi?
ENDO 2026 Konqresində təqdim edilən eksperimental tədqiqatda iki qrup 16 həftə ərzində müqayisə olunub. Bir qrup aşağı yağlı, lakin tamamilə saxarozsuz (süfrə şəkərsiz), digər qrup isə eyni miqdarda yağ və müəyyən miqdarda saxaroza ehtiva edən qidalanma rejimi ilə qidalanıb.
Tədqiqat zamanı yalnız qan şəkəri deyil, həmçinin insulinə həssaslıq, bağırsaq mikrobiotası, iltihab göstəriciləri və qaraciyərin vəziyyəti də qiymətləndirilib.
Nəticələr göstərib ki, şəkərsiz pəhriz saxlayanlarda:
qan şəkərinin tənzimlənməsi çətinləşib;
insulin müqaviməti artıb;
bağırsaq mikrobiotasının tarazlığı pozulub;
bağırsaq və qaraciyərdə iltihab göstəriciləri yüksəlib.
Maraqlıdır ki, bu dəyişikliklər hər iki qrupun bədən çəkisi eyni olmasına baxmayaraq müşahidə edilib.
Alimlər xüsusilə vurğulayırlar ki, bu nəticələr şəkər qəbulunun artırılmasını təşviq etmir. Əsas mesaj odur ki, sağlam qidalanma hər hansı bir qidanı tamamilə qadağan etmək deyil, ümumi qidalanma keyfiyyətini qorumaqdır.
Bağırsaq mikrobiotasının rolu
Bağırsaqlarda yaşayan milyardlarla faydalı mikroorqanizm həzm sistemi ilə yanaşı, immunitetə, iltihab proseslərinə, iştahın tənzimlənməsinə, enerji mübadiləsinə və qan şəkərinin idarə olunmasına da təsir göstərir.
Liflə zəngin qidalar bu bakteriyalar tərəfindən parçalanaraq bağırsağın qorunmasına və metabolik sağlamlığın saxlanmasına kömək edən faydalı maddələr əmələ gətirir. Həddindən artıq məhdudlaşdırıcı pəhriz isə bu həssas tarazlığı pozur.
Mütəxəssislərin tövsiyələri
Mütəxəssislər bildirirlər ki, metabolik sağlamlıq yalnız şəkərin miqdarı ilə müəyyən olunmur. Qidalanma:
liflə zəngin olmalı;
müxtəlif bitki mənşəli məhsulları əhatə etməli;
keyfiyyətli zülal mənbələri və sağlam yağlarla balanslaşdırılmalı;
fermentləşdirilmiş qidalara da yer verilməlidir.
Tam taxıllar, paxlalılar, tərəvəzlər və meyvələr bağırsaq mikrobiotasını dəstəkləyərək qan şəkərinin daha sabit qalmasına kömək edir.
Yay mövsümü üçün tövsiyələr
Yayda soyuq qəhvə və digər içkilərin istehlakı artır. Lakin əlavə olunan şərbətlər, souslar, krem və aromatizatorlar gizli şəkər mənbəyidir. Buna görə şəkərsiz və kremsiz içkilərə üstünlük vermək daha faydalıdır.
Şirniyyat yemək istədikdə isə onu içkinin içinə əlavə etmək əvəzinə, kiçik porsiya şəklində ayrıca qəbul etmək şəkər qəbuluna nəzarəti asanlaşdırır.
Ara yeməyi üçün meyvələri kefir, qatıq və ya bir ovuc qoz-fındıqla birlikdə yemək zülal, sağlam yağ və lif qəbulunu artıraraq daha balanslı qidalanmağa kömək edir.
İyul ayının mövsümi meyvələri: üzüm, ərik, albalı, şaftalı, qovun, qarpız, alça, moruq və mürdüm gavalısı.
İyul ayının mövsümi tərəvəzləri: semizotu, badımcan, təzə lobya, noxud, börülcə, barbunya, balqabaq, bamya, qarğıdalı, pomidor, xiyar, bibər, şüyüd, reyhan, nanə və cəfəri.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
