İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Zehin də istirahət etməlidir: Psixoloji dincəlmək mümkündürmü?

Yay mövsümü təkcə bədəni deyil, zehni də rahatlaşdırmaq üçün yaxşı fürsət hesab olunur. Mütəxəssislər bildirirlər ki, müasir həyatın yaratdığı psixoloji yükü azaltmaq üçün “zehni tətil”ə ehtiyac var. Bəs zehni necə dincəltmək olar? Tətilə gedə bilməyənlər bunun əvəzini necə çıxarır?

Klinik psixoloq və yazıçı Rabia Yavuzun sözlərinə görə, zehni yorğunluq beynin diqqət, qərarvermə və məlumat emalı sistemlərinin həddindən artıq işləməsi nəticəsində yaranır. Bu vəziyyət diqqətin dağılması, unutqanlıq və qərar verməkdə çətinlik kimi əlamətlərlə özünü göstərir.

Müasir insanın zehni niyə yorulur?

Müasir dövrdə insanlar fasiləsiz informasiya axınına məruz qalır. Sosial şəbəkələr, elektron məktublar, bildirişlər və davamlı onlayn olmaq beynin dincəlməsi üçün demək olar ki, heç bir imkan yaratmır. Nəticədə zehni yorğunluq zamanla xroniki hala çevrilir.

Sakitlik niyə bəzən narahatlıq yaradır?

Rabia Yavuz qeyd edir ki, müasir insanın zehni daimi stimul almağa öyrəşdiyi üçün sakitlik bir çoxlarına narahatlıq hissi yaşadır. Halbuki məhz sakitlik beynin və psixikanın yenilənməsi üçün vacib şərait yaradır.

Psixoloji dincəlmək mümkündürmü?

Mütəxəssis vurğulayır ki, psixoloji dincəlmək mümkündür, lakin bu passiv deyil, şüurlu şəkildə həyata keçirilən bir prosesdir. Bunun üçün insan müəyyən müddət informasiya axınından, davamlı qərar vermək məcburiyyətindən və rəqəmsal cihazlardan uzaq qalmalıdır.

Təbiətdə vaxt keçirmək, telefon və digər ekranlardan uzaqlaşmaq, gündəlik anları şüurlu şəkildə yaşamaq zehni istirahətin əsas elementləri hesab olunur.

Təkcə yuxu və tətil kifayət edirmi?

Yuxu və tətil zehni bərpa etmək üçün vacib olsa da, hər zaman kifayət etmir. Əgər tətil də sıx proqram, planlar və davamlı hərəkətlə keçirsə, beyin yenə də yorğun qalır. Əsl istirahət məlumat yükünü və gündəlik qərarların sayını azaltmaqla mümkündür.

Rəqəmsal dünya beynə necə təsir edir?

Mütəxəssisin sözlərinə görə, sosial media və ekran qarşısında uzun vaxt keçirmək beynin dincəlməsinə mane olur, diqqətin cəmlənməsini çətinləşdirir və insanı daim ayıq vəziyyətdə saxlayır.

Zehni istirahət necə etmək olar?

Rabia Yavuz zehni dincəltmək üçün bunları tövsiyə edir:

Planlaşdırılmamış boş vaxt yaratmaq;

Təbiətdə daha çox vaxt keçirmək;

Telefon və digər rəqəmsal cihazlardan müəyyən müddət uzaq qalmaq;

Məlumat axınını azaltmaq.

Onun sözlərinə görə, bu vərdişlər beynin rahatlama ilə əlaqəli alfa dalğalarının aktivləşməsinə kömək edir.

Tətilə gedə bilməyənlər nə etsin?

Tətil etmədən də zehni dincəltmək mümkündür. Bunun üçün:

Bir fincan çayı tələsmədən və diqqətlə içmək;

Qısa piyada gəzintilər etmək;

Təbiətlə təmasda olmaq;

Nəfəs və fərqindəlik məşqləri həyata keçirmək kifayət edir.

Əsas məqsəd gündəlik həyatın sürətini qısa müddətə də olsa yavaşlatmaqdır.

Uşaqlı ailələr üçün tövsiyələr

Mütəxəssis hesab edir ki, uşaqlı ailələr gündəlik rutinlərdə sərhədlər müəyyən etməli, vəzifələri bölüşdürməli və hər bir valideyn özünə qısa fərdi vaxt ayırmalıdır. Həmçinin vaxtaşırı rəqəmsal detoks etmək də psixoloji sağlamlıq üçün faydalıdır.

Zehni sağlamlığı laqeyd qoymaq hansı riskləri yaradır?

Uzun müddət davam edən zehni yorğunluq aşağıdakı problemlərə səbəb olur:

Diqqət pozğunluğu;

Yaddaş zəifləməsi;

Tükənmişlik sindromu;

Qərarvermə qabiliyyətinin azalması;

Ümumi həyat keyfiyyətinin aşağı düşməsi.

Zehni rahatlaşdıran sadə vərdişlər

Mütəxəssisin tövsiyə etdiyi kiçik, lakin təsirli addımlar:

Vaxtı izləmək üçün tez-tez saata baxmamaq;

İndiki anı şüurlu şəkildə yaşamaq;

Nəfəs və fərqindəlik məşqləri etmək;

Sakit və təbii mühitdə qısa gəzintilər etmək;

Musiqi dinləmək və ya düşüncələri yazıya köçürmək.

Bu sadə vərdişlər gündəlik stressi azaltmağa və zehni daha yaxşı dincəltməyə kömək edir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az