Türkiyədə bu ilin yanvar–mart aylarını əhatə edən dövrdə internet istifadəçiləri ən çox video platformalarına üstünlük veriblər. Ümumi internet trafikinin 40,6 faizi YouTube-un, 16 faizi isə Instagram-ın payına düşüb.
Bilgi Teknolojileri ve İletişim Kurumunun (BTK) Türkiyə Elektron Rabitə Sektoru – Üç Aylıq Bazar Məlumatları Hesabatına əsasən, istifadəçilər internetdə keçirdikləri vaxtın böyük hissəsini sosial media tətbiqlərində sərf ediblər.
İstifadə vərdişlərinin təhlili göstərib ki, ilin ilk rübündə ümumi internet trafikində onlayn video paylaşım platforması YouTube açıq fərqlə birinci olub. İlk üç ay ərzində ümumi internet trafikinin 40,6 faizi YouTube, 16 faizi isə İnstagram üzərində qeydə alınıb.
Bu göstəricilər istifadəçilərin internetdə əsasən video məzmun istehlak etdiyini ortaya qoyur.
Ani mesajlaşmada İnstagram liderdir
Yayım əsaslı (“streaming”) tətbiqlər kateqoriyasında da ilk yeri YouTube tutub. Platformanın payı 57,4 faiz olub. Onu Instagram (17,4 faiz), TikTok (5,6 faiz) və Netflix (5,5 faiz) izləyib.
Ani mesajlaşma (“instant messaging”) kateqoriyasında isə ən çox istifadə olunan tətbiq Instagram olub və ümumi trafikin 58,5 faizini təşkil edib. İkinci yerdə Facebook 26,4 faiz payla qərarlaşıb.
Siyahıda WhatsApp 7,3 faizlə üçüncü, Telegram isə 6,2 faizlə dördüncü yerdə qərarlaşıb.
Məlumatlar göstərir ki, istifadəçilər ani mesajlaşmada daha çox sosial media əsaslı tətbiqlərə üstünlük verir, ənənəvi mesajlaşma xidmətlərindən isə daha məhdud istifadə olunur.
İnternet üzərindən səsli danışıqda WhatsApp üstünlük təşkil edib
Onlayn oyunlar kateqoriyasında ən çox istifadə olunan platforma PlayStation olub və ümumi trafikin 25,4 faizini təşkil edib. Sonrakı yerlərdə Steam (24,1 faiz), PUBG (9,2 faiz) və League of Legends (6,7 faiz) qərarlaşıb.
İnternet üzərindən səsli danışıq (VoIP) xidmətlərində isə WhatsApp açıq fərqlə lider olub. Platforma bu kateqoriyada ümumi istifadə trafikinin 61,2 faizini təşkil edib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
