İyul 8, 2026
Baku
İdman Xəbərlər

Almaniya Dünya Kuboku ilə vidalaşdı, Paraqvay 1/8 finala yüksəldi

2026 FIFA Dünya Kubokunun son 32 mərhələsində Almaniya ilə Paraqvay arasında keçirilən gərgin qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında rəqibini 4:3 hesabı ilə məğlub edən Paraqvay 1/8 finala vəsiqə qazanıb.

E qrupunu 6 xalla lider başa vuraraq 12 illik çempionluq həsrətinə son qoymağı hədəfləyən Almaniya, Türkiyənin də yer aldığı D qrupunu 4 xalla üçüncü pillədə tamamlayan Paraqvayla Boston stadionunda üz-üzə gəlib.

Almaniya millisinin heyətində çıxış edən və “Qalatasaray”ın futbolçusu Leroy Sane oyuna start heyətində başlayıb.

Qarşılaşmanın 2-ci dəqiqəsində Paraqvayın künc zərbəsindən sonra Alonso yaxın məsafədən zərbə endirsə də, qapıçı Manuel Noyer komandasını qoldan xilas edib.

8-ci dəqiqədə Almaniyanın künc zərbəsindən sonra Florian Virtsin arxa dirəyə endirdiyi zərbə qapının üstündən keçib.

9-cu dəqiqədə Paraqvay hesabı açıb. Almironun ötürməsindən sonra Galarzanın cərimə meydançasına etdiyi dəqiq ötürməni Enciso baş zərbəsi ilə qapıya göndərərək komandasını 1:0 hesabı ilə önə keçirib.

İlk hissə Paraqvayın 1:0 üstünlüyü ilə başa çatıb.

54-cü dəqiqədə Almaniya hesabı bərabərləşdirib. Sol cinahdan Virtsin cərimə meydançasına ötürdüyü topu Kai Haverts baş zərbəsi ilə qapının sağ küncünə göndərərək hesabı 1:1 edib.

Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyindən qarşılaşma əlavə vaxta uzanıb.

102-ci dəqiqədə Almaniyanın Yohan Tahın vurduğu qol VAR-ın müdaxiləsindən sonra ləğv edilib. Qərara əsasən, alman futbolçu Anton qapıçı Gillə mane olduğu üçün qol qeydə alınmayıb.

Əlavə vaxtda da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan Paraqvay 4:3 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib.

Bu nəticə ilə Paraqvay 1/8 finalda Fransa–İsveç cütünün qalibi ilə qarşılaşacaq.

Almaniya isə Dünya Kuboku tarixində ilk dəfə penaltilər seriyasında məğlub olaraq turnuva ilə vidalaşıb.

Bununla da Almaniya son üç Dünya Kubokunda növbəti uğursuz nəticəsini yaşayıb. Komanda 2018 və 2022-ci illərdə qrup mərhələsini keçə bilməmiş, 2026-cı ildə isə son 32 mərhələsində mübarizəni dayandırıb. Almaniya daha əvvəl 1954, 1974, 1990 və 2014-cü illərdə Dünya Kubokunun qalibi olmuşdu.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az