İyul 8, 2026
Baku
Dünya Xəbərlər

ABŞ-də kəskin istilər: 162 milyon insan risk altındadır

ABŞ 4 İyul – Müstəqillik Günü bayramına hazırlaşarkən, ölkənin böyük hissəsini əhatə edən güclü isti hava dalğası səbəbindən xəbərdarlıq vəziyyəti elan edilib. Qərb ştatlarında ölümcül meşə yanğınları davam etdiyi bir vaxtda, Böyük Düzənliklər bölgəsindən Şimal-Şərq ştatlarınadək uzanan ərazidə 35 ştatda təxminən 162 milyon nəfər üçün yüksək temperatur xəbərdarlığı edilib.

Həftə ərzində havanın daha da isinəcəyi gözlənilir. Bəzi bölgələrdə temperaturun 35°C-dən yuxarı, cənub və daxili ərazilərdə isə 40°C-ni keçəcəyi proqnozlaşdırılır. Yüksək rütubət səbəbindən hiss olunan temperaturun 40–46°C arasında dəyişəcəyi bildirilir.

ABŞ-nin Milli Hava Xidməti bildirib ki, Çikaqoda bazar ertəsi havanın temperaturu 33°C olsa da, hiss olunan temperatur 38°C təşkil edib. Həftənin ortalarınadək bu göstəricinin 43°C-yə çatacağı gözlənilir.

Meteoroloqlar xəbərdarlıq edirlər ki, isti hava dalğası həftə boyu ölkənin mərkəzi bölgələrində davam edəcək, çərşənbə günündən etibarən isə Şimal-Şərq ştatlarına yayılaraq bayram həftəsi boyunca təsirini saxlayacaq.

Mütəxəssislər gecə saatlarında da temperaturun yüksək qalacağını, bunun isə orqanizmin soyumasını çətinləşdirərək istiyə bağlı xəstəliklər və istilik vurması riskini artıracağını vurğulayırlar. Proqnozlara görə, 4 iyul tarixində ölkə üzrə təxminən 100 gündəlik temperatur rekordu qırılır.

Sərinləmə mərkəzləri açılır

Brandon Johnson keçirilən mətbuat konfransında sakinləri ehtiyatlı olmağa çağırıb. O, evində kondisioneri olmayanlara gün ərzində pəncərə jalüzlərini bağlı saxlamağı, axşam saatlarında isə pəncərələri azacıq açaraq evi havalandırmağı tövsiyə edib.

Mer şəhər üzrə altı ictimai sərinləmə mərkəzinin fəaliyyətə başlayacağını açıqlayıb. O, sakinləri bol su içməyə və xüsusilə yaşlı, xəstə və tək yaşayan qonşularının vəziyyəti ilə maraqlanmağa çağırıb.

Mütəxəssislərin sözlərinə görə, isti hava dalğaları qəfil baş verən fırtınalar kimi diqqət çəkməsə də, onların təsiri zamanla orqanizmdə toplanır. Gecələr sərinləyə bilməyən insanların riski hər gün artır və bu vəziyyət ağır hallarda istilik vurması nəticəsində ölümlə də nəticələnə bilər.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az