İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Gün batımını izləmək sağlamlığınıza əslində necə təsir edir?

İnsanlar günəşin doğuşu və batışını sanki günün “iki dayağı” kimi qəbul edirlər. Araşdırmalar göstərir ki, gün batımı və gün doğumunu izləmək yaddaşı gücləndirə, yuxunu yaxşılaşdıra, əhval-ruhiyyəni yüksəldə və psixi sağlamlığa müsbət təsir göstərir.

Toyumdan bir gün əvvəl valideynlərim, nişanlım və mən ABŞ-ın Massaçusets ştatındakı Keyp-Kod yarımadasında yerləşən evin eyvanından möhtəşəm gün batımını izləyirdik.

Keyp-Kod “qızıl saat” adlandırılan xüsusi işığı ilə məşhurdur. Dənizlə əhatə olunan yarımadada Günəş üfüqə yaxınlaşdıqca havadakı rütubət işığı səpələyir və səmada narıncı, qızılı və çəhrayı çalarlar yaranaraq sanki dənizə qarışır.

Həmin gün qərbdən yaxınlaşan fırtına bu rəngləri daha da möhtəşəm göstərirdi. Kişilər mənzərəni fotoşəkillərə çəkərkən, anamla mən sakitcə dayanıb gün batımını izləyirdik. Evə qayıdarkən anamı qucaqladım və toyla bağlı bütün narahatlıqlarımız sanki Günəşlə birlikdə yoxa çıxdı.

Əlbəttə ki, uzun günün başa çatması da rahatlıq hissi yaradırdı. Lakin alimlər hesab edirlər ki, bu sakitləşdirici təsirdə gün batımının da mühüm rolu var. Son araşdırmalar göstərir ki, gün batımı və gün doğumu narahatlıq və depressiya əlamətlərini azalda, yaddaşı, yaradıcılığı, yuxu keyfiyyətini və hətta insanlarda başqalarına kömək etmək istəyini artırır.

Gün batımının yaratdığı heyranlıq hissi

Gün batımının əsas faydalarından biri insanlarda yaratdığı heyranlıq hissidir. Tədqiqatlar göstərir ki, bu duyğu sağlamlığın müxtəlif sahələrinə müsbət təsir edir.

Heyranlıq insanın tam dərk edə bilmədiyi möhtəşəm və böyük bir hadisə ilə qarşılaşdığı zaman yaranan hissdir. Bu, təbiət mənzərəsi, incəsənət əsəri və ya insan həyatının möcüzəvi anıdır. Belə anlarda insanlar bəzən göz yaşlarını saxlaya bilmir, yaxud bədənlərində titrəmə hiss edirlər.

ABŞ-ın Arizona Dövlət Universitetinin sosial psixologiya professoru Mişel Şiota bildirir ki, heyranlıq hissinin ən mühüm xüsusiyyətlərindən biri insanın özünü kainat qarşısında kiçik hiss etməsidir.

Onun sözlərinə görə, bu zaman gündəlik problemlər əvvəlki qədər böyük görünmür və insan başa düşür ki, onu narahat edən məsələlərin əksəriyyəti əslində düşündüyü qədər vacib deyil.

Mütəxəssislər qeyd edirlər ki, insan mənfi düşüncələrə qapıldıqda heyranedici təbiət mənzərələri diqqəti həmin fikirlərdən uzaqlaşdırır və insanı yenidən indiki ana qaytarır.

Araşdırmalar göstərir ki, bu baxış bucağı insanların könüllü fəaliyyətlərə qoşulmasına, başqalarına kömək etməsinə və həyatda daha güclü məqsəd hissi formalaşdırmasına səbəb olur.

Təbiət ən güclü heyranlıq mənbəyidir

Heyranlıq musiqi, incəsənət və ya mənəviyyat vasitəsilə də yaranır. Lakin sorğular göstərir ki, insanların əksəriyyəti bu hissi ən çox təbiətdə yaşayır.

2023-cü ildə 2500-dən çox insan üzərində aparılan araşdırma da bunu təsdiqləyib. Müxtəlif təbiət mənzərələrinin şəkillərinə baxan iştirakçılar arasında ən güclü emosional reaksiyanı məhz gün batımı və gün doğumu yaradıb.

Kanadanın Toronto Universitetinin psixologiya üzrə tədqiqatçısı Cennifer Stellar deyir ki, gün batımı qeyri-adi gözəlliyi, genişliyi və insanı tamamilə özünə cəlb etməsi ilə seçilir. Məhz buna görə də o, güclü heyranlıq hissi yaradır.

Yaddaşı gücləndirir

Araşdırmalar göstərir ki, heyranlıq hissi insanın məlumatları daha yaxşı yadda saxlamasına kömək edir.

Professor Mişel Şiota iştirakçılar üzərində apardığı təcrübədə onlara müxtəlif filmlər izlədib. Daha sonra onlara bir hekayə danışılıb və xatırladıqları məlumatlar yoxlanılıb. Heyranlıq hissi yaradan elmi filmi izləyən iştirakçılar hekayənin təfərrüatlarını digərlərindən daha dəqiq xatırlayıblar.

Alimlər bunun dəqiq səbəbini hələ müəyyən edə bilməsələr də, ehtimal olunur ki, heyranlıq insanın diqqətini daha güclü cəmləməsinə kömək edir.

Stressi azaldır və insanı daha xeyirxah edir

Araşdırmalar göstərir ki, müntəzəm şəkildə heyranlıq hissi yaşamaq stress səviyyəsini azaldır. COVID-19 pandemiyası dövründə aparılan tədqiqatlardan biri bunu təsdiqləyib.

Başqa bir araşdırmada yaşlı insanlar səkkiz həftə ərzində həftədə bir dəfə gəzintiyə çıxarkən ətrafdakı təbiətdə heyranedici məqamları axtarmağa təşviq ediliblər. Müddətin sonunda onların ətraf mühitə daha çox diqqət yetirdiyi, daha pozitiv hisslər yaşadığı və təbiətlə daha güclü əlaqə qurduğu müəyyən edilib.

Mütəxəssislər hesab edirlər ki, gün batımını təbiət qoynunda izləmək bu müsbət təsiri daha da artırır.

Bundan əlavə, tez-tez heyranlıq hissi yaşayan insanların orqanizmində iltihabla əlaqəli göstəricilərin daha aşağı olduğu müəyyən edilib. Bu isə ürək-damar xəstəlikləri, diabet və depressiya riskinin azalması ilə əlaqələndirilir.

Araşdırmalar həmçinin göstərir ki, heyranlıq hissi insanları daha mərhəmətli və başqalarına kömək etməyə daha meyilli edir.

Daha rahat yuxuya kömək edir

Günəşin doğması və batması insanın bioloji saatını tənzimləyən əsas təbii siqnallardandır.

Gün doğumu bu baxımdan daha güclü təsir göstərsə də, gün batımının yumşaq qırmızı və qızılı işığı da orqanizmə günün başa çatdığını bildirir. Bu zaman stress hormonu olan kortizol azalır, melatonin hormonunun ifrazı başlayır və bədən yuxuya hazırlaşır.

Əksinə, axşam saatlarında telefon, kompüter və digər ekranlardan yayılan mavi işıq bu prosesi pozur, kortizolun yüksək qalmasına səbəb olur və yuxu keyfiyyətini aşağı salır.

İşıq və sağlamlıq üzrə mütəxəssis Mariana Fiqeyro bildirir ki, bioloji ritmin pozulması depressiya və narahatlıq riskini artırır.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az