İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Texnologiya nəhəngi Oracle süni intellekt strategiyası çərçivəsində 21 min əməkdaşını işdən çıxarıb

ABŞ-ın texnologiya nəhəngi olan Oracle fəaliyyətini süni intellekt texnologiyaları ətrafında yenidən qurduğu üçün son bir ildə dünya üzrə təxminən 21 min əməkdaşının işinə son verib. Şirkətin son illik hesabatı bu genişmiqyaslı ixtisarları üzə çıxarıb.

Proqram təminatı və bulud xidmətləri sahəsində fəaliyyət göstərən şirkətin açıqladığı məlumatlara görə, 31 may 2026-cı il tarixinə tam ştatlı əməkdaşlarının sayı əvvəlki ilin eyni dövründəki 162 min nəfərdən təxminən 141 min nəfərə düşüb.

Hesabatda qeyd olunur:

“Fəaliyyətimizin müxtəlif sahələrində süni intellekt texnologiyalarının tətbiqi işçi qüvvəsinin azalmasına səbəb olub və bu proses gələcəkdə də davam edə bilər.”

Bu ixtisarlar şirkətin ümumi işçi qüvvəsinin təxminən 13 faizini əhatə edir. Mütəxəssislərin fikrincə, bu addım süni intellekt infrastrukturlarına yüz milyardlarla dollar sərmayə yatıran texnologiya şirkətlərində müşahidə olunan ümumi tendensiyanın bir hissəsidir.

Son aylarda Amazon⁠ və Meta⁠ da süni intellektə böyük investisiyalar yatırmaqla yanaşı minlərlə əməkdaşını işdən çıxarıb. Məşğulluq bazarını izləyən qurumların hesablamalarına görə, son bir ildə texnologiya sektorunda 100 mindən çox işçi işini itirib.

Yenidənqurma şirkətə 1,8 milyard dollara başa gəlib

Şirkətin yüksək vəzifəli əməkdaşlarının internetdə paylaşdıqları məlumatlara əsasən, Oracle aprel ayında böyük həcmdə işçi ixtisarı həyata keçirib. Lakin bu prosesin real miqyası yalnız illik hesabat dərc olunandan sonra məlum olub.

Şirkət bildirib ki, son bir ildə həyata keçirilən ixtisarlar nəticəsində təxminən 1,8 milyard dollar məbləğində kompensasiya ödənişləri və digər yenidənqurma xərcləri yaranıb.

Bu göstərici əvvəlki maliyyə ilində qeydə alınan 374 milyon dollarlıq yenidənqurma xərcləri ilə müqayisədə çox ciddi artım deməkdir.

Oracle xəbərdarlıq edib ki, yenidənqurma prosesi müəyyən sahələrdə fəaliyyətin pozulmasına səbəb ola bilər. Şirkət həmçinin bəzi vəzifələr üzrə ixtisaslı işçi çatışmazlığının yarana biləcəyini və bunun məhsuldarlığın azalmasına, nəticədə isə gəlirlərə mənfi təsir göstərə biləcəyini qeyd edib.

Texnologiya nəhəngləri arasında süni intellekt yarışı

Oracle hazırda OpenAI⁠ və Meta üçün məlumat mərkəzləri qurmaq uğrunda rəqabətdə iştirak edir. Mətbuatda yayılan məlumatlara görə, şirkət bu il süni intellekt infrastrukturlarına ən azı 50 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

Şirkət dünyanın ən varlı şəxslərindən biri olan Larry Ellison tərəfindən yaradılıb. Oracle süni intellektə böyük investisiyalar yatırarkən işçi sayını azaldan yeganə şirkət deyil.

Google⁠, Amazon və Meta bu il birlikdə texnologiya sahəsinə təxminən 650 milyard dollar sərmayə qoymağı planlaşdırırlar. Dünyada 1,5 milyondan çox insanı işlə təmin edən Amazon isə gələn il süni intellekt layihələrinə 200 milyard dollar xərcləyəcəyini açıqlayıb və bu göstərici ilə böyük texnologiya şirkətləri arasında ilk sırada yer alıb.

Elektron ticarət və texnologiya nəhəngi Amazon bir neçə mərhələdə ümumilikdə təxminən 30 min əməkdaşını da işdən çıxaracağını elan edib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az