Yay aylarında hazırlanan ev konservləri qış mövsümündə həm sağlam, həm də qənaətli qida ehtiyatı hesab olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, hazırlanma prosesində edilən kiçik səhvlər ciddi qida təhlükəsizliyi problemlərinə səbəb ola bilər. Xüsusilə gigiyena qaydalarına, istilik emalına və saxlanma şəraitinə düzgün əməl olunmadıqda risk xeyli artır.
Yayda tərəvəz və meyvələrin bol olması bir çox insanı qış üçün ev şəraitində konserv hazırlamağa sövq edir. Ancaq mütəxəssislərin sözlərinə görə, əhəmiyyətsiz görünən səhvlər belə sağlamlıq üçün ciddi təhlükə yaradır.
Mütəxəssis Aslı Muslu Can bildirir ki, konserv düzgün hazırlandıqda həm təhlükəsiz, həm də iqtisadi baxımdan sərfəli saxlama üsuludur. Lakin gigiyena və istilik emalı qaydalarına əməl edilmədikdə risk artır.
Təmizlik ən vacib şərtdir
Evdə konserv hazırlayarkən ən mühüm məqamlardan biri təmizlikdir. Çürümüş, əzilmiş və ya kiflənmiş məhsullardan qətiyyən istifadə edilməməlidir.
Tərəvəz və meyvələr bol içməli su ilə yaxşıca yuyulmalı, üzərindəki torpaq və digər qalıqlar tam təmizlənməlidir. Çünki sağlam və keyfiyyətli məhsul seçimi konservin əsasını təşkil edir.
Banka və qapaq seçiminə diqqət edin
Çatlamış və ya ağzı zədələnmiş bankalardan istifadə etmək olmaz. Qapaqlar da sağlam, paslanmamış və hava keçirməyən olmalıdır. İstifadədən əvvəl onların isti su ilə yuyulması gigiyena baxımından vacibdir.
Bankanı ağzınadək doldurmayın
Konserv hazırlayarkən edilən digər səhvlərdən biri bankanı tam doldurmaqdır. Üst hissədə boşluq saxlanılmaması istilik emalı zamanı daşmaya və vakuum problemlərinə səbəb olur. Bu, kiçik detal kimi görünsə də, ciddi nəticələr doğurur.
Botulizm təhlükəsi
Ən vacib mərhələ istilik emalıdır. Turşuluq səviyyəsi yüksək olan qidalar qaynar su vannasında emal edilir. Lakin lobya, noxud, qarğıdalı və ət kimi turşuluğu az olan məhsullar mütləq təzyiqli konservləşdirmə üsulu ilə hazırlanmalıdır.
Əks halda, ölümcül qida zəhərlənməsinə səbəb ola bilən botulizm riski yaranır.
Konserv açıldıqdan sonra
Konserv açılarkən qapaqda şişkinlik, sızma və ya xoşagəlməz qoxu hiss edilərsə, həmin məhsul qətiyyən istifadə olunmamalıdır. Bunlar məhsulun xarab olmasının əsas əlamətləri sayılır.
Saxlanma şəraiti
Konservlər sərin, quru və günəş şüası düşməyən yerlərdə saxlanmalıdır. Açılmış konservlər isə mütləq soyuducuda qorunmalı və qısa müddət ərzində istehlak edilməlidir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
