Hörmüz boğazında yaşanan böhrandan sonra təchizat zəncirlərinin təhlükəsizliyini artırmaq və mümkün fasilələrin qarşısını almaq məqsədilə Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr nəqliyyat və logistika sahəsində əməkdaşlıq layihələrini müzakirə ediblər.
Körfəz Əməkdaşlıq Şurası ölkələrinin nəqliyyat və rabitə nazirləri fövqəladə iclas keçirərək regional logistika inteqrasiyasının gücləndirilməsi və üzv dövlətlər arasında dəmir yolu əlaqələrinin inkişafı istiqamətində görülən işləri dəyərləndiriblər.
Oman dövlətinin rəsmi xəbər agentliyi ONA-nın məlumatına görə, Omanın da iştirak etdiyi KƏŞ Nəqliyyat və Rabitə Nazirləri Komitəsinin 19-cu fövqəladə iclası videokonfrans formatında baş tutub.
İclasda Körfəz ölkələrinin nəqliyyat və logistika sektorunda üzləşdiyi çətinliklər və imkanlar müzakirə olunub, həmçinin üzv ölkələr arasında dəmir yolu şəbəkəsi vasitəsilə əlaqələrin genişləndirilməsinə yönəlmiş layihələr nəzərdən keçirilib.
Tərəflər gələcək fəaliyyət planlarını, ticarət dövriyyəsinə mənfi təsir göstərə biləcək risklərə qarşı təchizat zəncirlərinin möhkəmləndirilməsi istiqamətində atılacaq addımları da müzakirə ediblər.
Bundan əlavə, quru, dəniz və hava nəqliyyatında fasiləsizliyin təmin olunmasının, yük daşımalarının dayanmadan davam etdirilməsinin və strateji sektorların dəstəklənməsi üçün yeni layihələrin hazırlanmasının vacibliyi vurğulanıb.
Hörmüz boğazında yaranan böhran nəticəsində bölgədə təchizat zəncirlərində müşahidə olunan problemlər Körfəz ölkələrini dəniz yollarından asılılığı azaltmağa və alternativ nəqliyyat marşrutlarına üstünlük verməyə sövq edib.
Bu çərçivədə, Səudiyyə Ərəbistanı ilə Türkiye arasında yaxın vaxtlarda nəqliyyat, logistika və dəmir yolu sistemləri sahəsində imzalanmış iki əməkdaşlıq memorandumundan sonra Körfəz ölkələrində dəmir yolu layihələrinin sürətləndirilməsi nəzərdə tutulur.
KƏŞ-ə üzv ölkələr Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri , Qatar, Küveyt, Bəhreyn və Omandır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
