İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İtaliya Rəqabət Qurumu Apple-ın iCloud xidməti ilə bağlı araşdırmaya başlayıb

İtaliya Rəqabət Qurumu (Antitrust-AGCM) ABŞ-ın texnologiya nəhəngi Apple şirkətinin bulud saxlama xidməti olan iCloud-un bəzi funksiyalarının Avropa Birliyinin (AB) Rəqəmsal Bazarlar Aktını (DMA) pozub-pozmadığını araşdırmağa başlayıb.

Qurumun yazılı açıqlamasında bildirilib ki, üçüncü tərəf bulud xidməti təminatçılarının iCloud ilə eyni şərtlərə malik olmaya biləcəyinə dair ilkin əlamətlər aşkar edilib. Buna görə də Apple-ın iOS və iPadOS əməliyyat sistemlərinin DMA çərçivəsində nəzərdə tutulan qarşılıqlı işləmə (interoperability) öhdəliklərinə əməl edib-etmədiyini müəyyənləşdirmək üçün rəsmi araşdırma başladılıb.

Açıqlamada qeyd olunub ki, Apple qanunvericiliyə əsasən üçüncü tərəf bulud xidməti təminatçılarına iOS və iPadOS sistemləri ilə pulsuz və effektiv şəkildə qarşılıqlı işləmə imkanı yaratmalıdır.

Bununla yanaşı, üçüncü tərəf bulud xidmətlərinin Apple-ın iCloud xidməti ilə eyni imkanlara malik olmadığı və həmin sistemlərə bərabər şərtlərlə çıxış əldə etmədiyi vurğulanıb.

Qeyd edək ki, Antitrust-AGCM bu araşdırma ilə Avropa Birliyinin Rəqəmsal Bazarlar Aktının 38-ci maddəsindən irəli gələn səlahiyyətlərindən ilk dəfə istifadə edir. Bu baxımdan, araşdırma həm Apple, həm də rəqəmsal bazarlarda rəqabət qaydalarının tətbiqi üçün mühüm əhəmiyyət daşıyır.

 

Mənbə:Anadolu Ajansı

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az