Yaxın günlərdə internet informasiya portallarında pedaqogika elmləri doktoru, Naxçıvan Müəllimlər İnstitutunun professoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Qızıl Qələm” mükafatı laureatı, ictimai- siyasi xadim Kamal Camalovun Media Araşdırma Mərkəzi və Azər.KİVİHİ tərəfindən “Şərəfli ömür yolu” Media mükafatına layiq görülməsi barədə məlumatı böyük maraq və məmnunluq hissi ilə qarşıladım. Bu təltif, hər şeydən əvvəl, Azərbaycan elmi-pedaqoji ictimaiyyətində uzun illər ərzində formalaşmış, sistemli və məqsədyönlü fəaliyyəti ilə seçilən bir alimə verilmiş obyektiv dəyər kimi qiymətləndirilməlidir.
Qeyd olunan mükafat həm də ölkəmizdə elm və təhsil sahəsində fəaliyyət göstərən ziyalıların cəmiyyət qarşısında daşıdığı missiyanın ictimai-siyasi etirafı baxımından mühüm əhəmiyyət kəsb edir. Kamal Camalovun elmi-pedaqoji fəaliyyəti, onun çoxillik tədqiqatları, pedaqoji təcrübəsi və milli təhsil sisteminin inkişafına verdiyi töhfələr bu qiymətləndirmənin əsasını təşkil edən mühüm amillərdir.
Kamal müəllimlə şəxsi tanışlığımız 2018-ci ildə, hazırda elmi-pedaqoji fəaliyyət göstərdiyim Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutmuşdur.
Həmin dövrdə pedaqogika elmləri doktoru elmi dərəcəsinə iddialı olan Kamal Camalovun dissertasiya işinin müdafiəsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən müvafiq sənədlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dissertasiya Şurasına göndərilmişdi.
Elmi ictimaiyyətə məlum olduğu kimi, doktorluq dissertasiyasının müdafiəsi çoxmərhələli bir prosesdir və bu mərhələlərdən biri də Dissertasiya Şurası nəzdində fəaliyyət göstərən Elmi Seminarın müzakirəsidir. Həmin seminarın tərkibində nəzərdə tutulan 20 üzvdən 19 nəfəri iştirak edirdi və onların sırasında mən də yer alırdım.
Elmi seminara sədrlik edən pedaqogika elmləri doktoru, professor hörmətli Əbülfət Pələngov iddiaçıya elmi işinin təqdimatı üçün 20 dəqiqəlik vaxt ayırdı. Kamal Camalov həmin vaxt çərçivəsində dissertasiya işinin əsas elmi müddəalarını sistemli, ardıcıl və elmi cəhətdən əsaslandırılmış şəkildə təqdim edərək öz yüksək akademik hazırlığını nümayiş etdirdi.
Təqdimatdan sonra iddiaçıya müxtəlif istiqamətlərdə suallar ünvanlandı. Kamal müəllim verilən suallara elmi cəhətdən əsaslandırılmış, məntiqi ardıcıllığa malik və kifayət qədər sanballı cavablar verdi. Onun çıxışı yalnız mövzu çərçivəsi ilə məhdudlaşmır, eyni zamanda pedaqoji nəzəriyyənin geniş kontekstini əhatə edirdi.
Mən də iddiaçıya bir sual ünvanlamışdım ki, bu gün də həmin sual yaddaşımdadır. Sualın məzmunu belə idi: “Mollanəsrəddinçilərin elmi-pedaqoji
dünyagörüşündə milli şüurun formalaşması hansı tarixi, sosial və ideoloji amillərlə şərtlənmişdir? Bu təsir hansı ictimai-mədəni proseslərdən qaynaqlanmışdır?”
Başqa sözlə ifadə etsək XX əsrin əvvəllərində Azərbaycan ictimai-fikir tarixində mühüm yer tutan “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələrinin dünyagörüşünə təsir edən əsas amillər nədən qaynaqlanırdı?
Kamal müəllim bu suala olduqca geniş, sistemli və elmi əsaslara söykənən cavab verdi. Onun cavabında yalnız konkret sualın izahı deyil, həm də dövrün ictimai-siyasi mühiti, maarifçilik hərəkatının mahiyyəti və milli ideyanın formalaşma prosesləri kompleks şəkildə təhlil olunurdu. Bu isə onun elmi düşüncə səviyyəsinin genişliyini və analitik təfəkkürünün yüksəkliyini nümayiş etdirirdi.
Qeyd etmək lazımdır ki, bu yaşda (45 yaşında) Kamal Camalovun doktorluq dissertasiyasını müdafiəyə təqdim etməsi onun elmi yaradıcılığında artıq
formalaşmış yetkinlik mərhələsinin, uzunmüddətli tədqiqat fəaliyyətinin və sistemli elmi axtarışlarının məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.
Bu fakt eyni zamanda alimin elmi-pedaqoji fəaliyyətində davamlılığın, məqsədyönlülüyün və peşəkar intizamın mövcudluğunu göstərir. Elmi fəaliyyətin
bu mərhələyə çatması təsadüfi xarakter daşımır, əksinə, illərlə davam edən ardıcıl zəhmətin və tədqiqat mədəniyyətinin nəticəsi kimi dəyərləndirilməlidir. “Şərəfli ömür yolu” Media mükafatı Kamal Camalovun çoxillik elmi- pedaqoji fəaliyyətinə verilmiş növbəti yüksək ictimai dəyər kimi çıxış edir. Bu təltif, eyni zamanda, Azərbaycan elmi mühitində formalaşmış nüfuzlu alim obrazının ictimai etirafı baxımından da xüsusi əhəmiyyət kəsb edir.
600-dən artıq elmi-pedaqoji yazının müəllifi olan Kamal Camalov Azərbaycan elmi mühitində məhsuldar yaradıcılığı, davamlı araşdırma fəaliyyəti və pedaqoji sahəyə verdiyi töhfələrlə seçilən alimlərdən biridir. Onun “Yusif Vəzir Çəmənzəminli yaradıcılığında maarifçilik ideyaları” (2007), “Ömər Faiq Nemanzadə yaradıcılığında maarifçilik ideyaları” (2007), “Azərbaycan romantiklərinin maarifçilik ideyaları” (2009), “Həzrəti Əlinin elm və tərbiyə haqqında fikirləri” (2010), “Valideyn-övlad münasibəti məsələləri Şərq mütəfəkkirlərinin gözü ilə” (2010), “Sosial psixopedaqogikada istedadlı uşaqlar problemi” (2011), “Təlim nəticələrinin qiymətləndirilməsinin forma və vasitələri” (2012), “Форма и способы оценивания результатов обучения” (2012), “Hüseyn Cavid və məktəb” (2013), “Böyük mütəfəkkirlərin maarifçilik ideyaları” (2015), “Mollanəsrəddinçilərin maarifçilik ideyaları” (2015), “Mollanəsrəddinçilər və ailə- məktəb problemi” (2017), “Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən xələflərə” (2019), “Repressiya qurbanlarının maarifçilik ideyaları” (2022) və s. kimi kitab, monoqrafiya, dərs və dərslik üzərində müəllifliyi təkcə şəxsi elmi potensialının deyil, həm də sistemli və ardıcıl elmi düşüncə xəttinin göstəricisidir. Fərəhləndirici haldır ki, Kamal müəllimin “Həzrəti Əlinin elm və tərbiyə haqqında fikirləri” adlı sanballı tədqiqat əsəri Prezident Kitabxanasının qiymətli fondlarında yer alaraq qorunur. Bu fakt əsərin elmi çəkisini və onun milli-mənəvi düşüncə tariximizdə tutduğu mühüm mövqeyi bir daha təsdiqləyir, həm də müəllifin araşdırmalarının geniş elmi auditoriya üçün əhəmiyyət daşıdığını göstərir.
Bununla yanaşı, 40-dan artıq kitabın elmi redaktoru, rəyçisi və tərtibçisi kimi fəaliyyəti Kamal müəllimin yalnız öz araşdırmaları ilə kifayətlənmədiyini,
bütövlükdə elmi mühitin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini göstərir. Bu cür çoxşaxəli fəaliyyət elmi məsuliyyətin və akademik etikanın yüksək səviyyədə mənimsənildiyini təsdiqləyir.
Ən önəmlisi isə odur ki, Kamal Camalovun bu zəngin elmi fəaliyyəti ardıcıl şəkildə yüksək qiymətləndirilmiş, o, 2024 və 2025-ci illərdə “İlin Alimi” adına layiq görülmüşdür. Bu fakt onun elmi nüfuzunun sabit və davamlı xarakter daşıdığını, tədqiqatlarının isə müasir elmi mühitdə ciddi rezonans doğurduğunu göstərir.
Göründüyü kimi, Kamal müəllimin elmi fəaliyyəti, pedaqoji təcrübəsi, yetişdirdiyi kadrlar və Azərbaycan təhsil sisteminə verdiyi töhfələr onun bu kimi
mükafatlara tamamilə layiq olduğunu təsdiqləyir. Onun fəaliyyəti yalnız fərdi uğur deyil, həm də ümumilikdə milli elmi-pedaqoji düşüncənin inkişafına xidmət edən mühüm bir məktəb kimi dəyərləndirilə bilər.
Sonda qeyd etmək istərdim ki, Kamal Camalovu bu nüfuzlu mükafat münasibətilə səmimi-qəlbdən təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni uğurlar, yaradıcılıq nailiyyətləri və möhkəm cansağlığı arzulayıram. İnanırıq ki, onun elmi irsi gələcək nəsillər üçün də dəyərli bir istinad mənbəyi olaraq qalacaqdır.

HEYDƏR CƏFƏROV
Azərbaycan Dövlət Pedaqoji Universiteti Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azərbaycan Respublikasının Əməkdar müəllimi
Gundelik.az
