Saat 07:25, 13 oktyabr 2024-cü il. ABŞ-Meksika sərhədinin Texas tərəfində yerləşən Starbase kosmodromunda indiyədək hazırlanmış ən böyük raket start meydançasında dayanıb. Mühərriklər işə düşür və raket Meksika körfəzi üzərində səmaya yüksələrkən, SpaceX-in idarəetmə mərkəzində alqış və sevinc qışqırıqları eşidilir.
Lakin əsas hadisə raketin qalxması deyil. Göyə qalxan hər şey bir gün yerə qayıdır və bu raketin necə geri dönəcəyi kosmik tədqiqatlar tarixində yeni bir mərhələ olacaq.
Yeddi dəqiqə sonra kosmik gəmini orbitə doğru itələyən nəhəng gücləndirici raket Yerə doğru enməyə başlayır. Planlaşdırıldığı kimi mühərrikləri yenidən işə düşür, sürətini azaldır və özünü o qədər dəqiq istiqamətləndirir ki, “Mechazilla” və ya “çubuqlar” (chopsticks) adlandırılan xüsusi tutucu sistem tərəfindən havada tutulur. Bununla mühəndislər əvvəllər heç vaxt mümkün olmayan bir uğura imza atırlar.
SpaceX-in idarəetmə mərkəzində alqışlar və təbriklər davam edərkən, Elon Musk sosial şəbəkədə milyonlarla izləyicisinə bunun “insan həyatını çoxplanetli etmək yolunda böyük bir addım” olduğunu yazır. Təkrar istifadə edilə bilən bu raketlər orbitə, Aya və gələcəkdə Marsa yük göndərməyin xərclərini ciddi şəkildə azalda bilər.
Gələcəyə yönəlmiş iddialı vizyonu və qeyri-adi idarəçilik tərzi ilə SpaceX və Elon Musk tez-tez Tony Stark ilə müqayisə olunur.
2024-cü ilin oktyabrında həyata keçirilən Starship uçuşu Maskın dərin kosmosun fəthi ilə bağlı planlarında daha bir mühüm mərhələ sayılır.
12 iyun tarixində isə indiyədək yalnız Elon Muskın və seçilmiş varlı investorların sahib ola bildiyi şirkətin səhmlərinin bir hissəsi açıq bazarda satışa çıxarılacaq.
BBC-yə danışan bir neçə Böyük Britaniya birja brokeri bildirib ki, bu məşhur şirkətin səhmlərini almaq üçün qeydiyyatdan keçmək istəyənlərin sayında ciddi artım var. Britaniyalı fərdi investorlar üçün təxminən 1,5 milyard funt sterlinq dəyərində səhm ayrılacağı gözlənilir və ölkənin aparıcı investisiya platformalarından biri hesab edir ki, bu, yeni investor nəslinin formalaşmasına təkan verə bilər.
Hargreaves Lansdown şirkətinin Müştəri Xidmətləri üzrə rəhbəri Simon Belsham deyib:
“Bu IPO hər kəs üçün uyğun olmaya bilər, lakin bir çox müştərimiz üçün həyəcanverici bir hadisədir. Hesab edirik ki, bu, bir çox insanın investisiya dünyasına ilk addımı olacaq.”
Birbaşa səhm almasanız belə, əgər pensiya fondunuz səhmlərə yatırılıbsa – bu isə əksər insanlar üçün belədir – çox güman ki, yaxın gələcəkdə siz də, istəsəniz də, istəməsəniz də, texnologiya ilə geosiyasətin kəsişməsində dayanan və Muskın fikrincə bəşəriyyətin gələcəyini formalaşdıracaq bir şirkətin ortaq sahibi olacaqsınız.
Adi insanların SpaceX səhmlərini ala bilməsi birja tarixinin ən mühüm hadisələrindən biri hesab olunur və bu addımın Elon Muskı dünyanın ilk trilyonçu insanına çevirməsi ehtimal edilir.
Şirkətin səhmlərinin satış prospektinin ilk səhifələrində belə bir missiya bəyanatı yer alır:
“Həyatı çoxplanetli etmək üçün lazım olan sistem və texnologiyaları yaratmaq, kainatın əsl mahiyyətini anlamaq və şüurun işığını ulduzlara qədər çatdırmaq.”
Lakin SpaceX təkcə raket şirkəti deyil, hətta əsas fəaliyyət istiqaməti də yalnız raketlər deyil. Bu, eyni zamanda süni intellektin (AI) gələcəyinə qoyulan böyük bir mərcdir.
Şirkətin səhmlərinin ictimaiyyətə təqdim olunmasının uğurlu və ya uğursuz olması investorların süni intellektin gələcəkdə dünya iqtisadiyyatının böyük hissəsini nəzarətə götürəcəyinə dair güclü inamının mühüm sınağı hesab olunur.
Eyni zamanda, iqtisadi və siyasi gücün bir neçə nəhəng Amerika texnologiya şirkətinin əlində cəmləşməsi də ciddi suallar doğurur. Bəzi ekspertlər isə bunu Elon Muskın “İkar anı” adlandırırlar – yəni günəşə həddindən artıq yaxın uçaraq riskli bir addım atması.
Keçmişdə NASA ilə əməkdaşlıq etmiş iqtisadçı Sinead O’Sullivan deyir:
“Məncə, bu, Elon Muskın şəxsi ambisiya layihəsidir.”
Bəs biz onun kosmik səyahətində sərnişin olacağımız üçün sevinməliyikmi?
Nəhəng dəyər
SpaceX səhmlərinin ilkin kütləvi təklifini (IPO) təqdim edib. Satışa şirkətin yalnız bir hissəsi çıxarılsa da, Elon Muskın müəyyən etdiyi səhm qiyməti əsasında bütün şirkətin bazar dəyərini hesablamaq mümkündür.
Səhmlərin satışını həyata keçirən bankirlər SpaceX-in ümumi dəyərini 1,75 trilyon dollar olaraq qiymətləndirirlər. Bu isə şirkəti dünyanın ən bahalı ilk on şirkəti sırasına rahatlıqla daxil edir.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
