Süni intellekt söhbət botlarının sağlamlıqla bağlı suallara verdiyi cavabların təxminən yarısında ciddi problemlər olduğu müəyyən edilib. Yeni bir araşdırma göstərib ki, ChatGPT, Gemini, Grok, Meta AI və DeepSeek kimi məşhur platformalar tibbi mövzularda əhəmiyyətli səhvlərə yol verə bilir.
Cavablar elmi əsasdan uzaqdır
BMJ Open jurnalında dərc olunan tədqiqat çərçivəsində alimlər beş fərqli süni intellekt söhbət botuna xərçəng, peyvəndlər, kök hüceyrələr, qidalanma və idman performansı ilə bağlı 50 tibbi sual ünvanlayıblar.
Mütəxəssislərin qiymətləndirməsinə əsasən:
Cavabların 20 faizi yüksək dərəcədə problemli,
50 faizi problemli,
30 faizi isə qismən problemli hesab olunub.
Araşdırma zamanı məlum olub ki, botların heç biri tamamilə düzgün və etibarlı mənbə siyahısı təqdim edə bilməyib. Göstərilən istinadların çoxunda səhv müəllif adları, işləməyən keçidlər və hətta tamamilə uydurulmuş elmi məqalələr yer alıb.
Platformalar arasında ən zəif nəticəni 58 faiz səhv göstəricisi ilə Grok nümayiş etdirib. Onu 52 faizlə ChatGPT, 50 faizlə isə Meta AI izləyib.
Tədqiqatçılar bildiriblər ki, süni intellekt xüsusilə internetdə ziddiyyətli məlumatların çox olduğu qidalanma və idman performansı kimi sahələrdə daha çox səhv edir.
Açıq suallar riski artırır
Araşdırmada müəyyən olunub ki, süni intellekt “doğrudur, yoxsa yanlışdır?” tipli qapalı suallarda daha uğurlu nəticə göstərir. Lakin insanların gündəlik həyatda daha çox verdiyi açıq suallarda səhv ehtimalı artır. Belə suallara verilən cavabların 32 faizi yüksək dərəcədə problemli hesab edilib.
Mütəxəssislər xatırladıblar ki, dil modelləri həqiqi biliyə malik deyil; onlar yalnız öyrədildikləri məlumatlar əsasında sözlərin ən ehtimal olunan ardıcıllığını proqnozlaşdırırlar. Bu məlumat bazasına elmi jurnallarla yanaşı forumlar və sosial şəbəkələrdəki müzakirələr də daxil olduğundan, səhv nəticələrin yaranması mümkündür.
Düzgün cavaba çatmaq istifadəçi üçün çətindir
Nature Medicine jurnalında dərc olunan başqa bir araşdırma maraqlı bir nəticə ortaya qoyub. Süni intellekt modelləri tibbi suallara təkbaşına təxminən 95 faiz düzgün cavab verə bilsə də, real istifadəçilər bu vasitələrdən istifadə etdikdə düzgün məlumata çatma ehtimalı 35 faizə qədər azalır.
Alimlər vurğulayırlar ki, bu alətlər mürəkkəb tibbi mövzuları sadələşdirmək və ya həkimə veriləcək sualları hazırlamaq üçün faydalı ola bilər. Lakin onlar heç bir halda müstəqil tibbi mənbə və ya həkimin əvəzi kimi qəbul edilməməlidir.
İstifadəçilərə tövsiyə olunur ki, süni intellektdən aldıqları sağlamlıqla bağlı məsləhətləri mütləq etibarlı mənbələrlə və ya həkimlə dəqiqləşdirsinlər, həmçinin təqdim olunan istinadları yoxlasınlar.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
