İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Süni intellekt tərəfindən hazırlanmış dünyada ilk peyvənd

Tədqiqatçılar bildirirlər ki, süni intellektdən istifadə edilməklə hazırlanmış tamamilə yeni növ peyvənd gələcək pandemiyaların qarşısını almağa və çox sayda virus növünə qarşı qoruma təmin etməyə kömək edə bilər.      Kembric universitetinin alimləri bildiriblər ki, peyvəndin əsas komponenti ilk dəfə tamamilə süni intellekt tərəfindən hazırlanıb və daha sonra insanlar üzərində sınaqdan keçirilib.

Bu peyvənd bütün koronaviruslara qarşı təsir göstərmək üçün hazırlanıb. Buraya həm bütün Covid variantları, həm də heyvanlarda rast gəlinən və gələcəkdə yeni pandemiyalara səbəb ola biləcək koronaviruslar daxildir.

Tədqiqat hələ ilkin mərhələdədir, lakin alimlər artıq qrip və Ebola virusuna qarşı ayrıca peyvəndlər üzərində də işləyirlər.

Peyvənd necə işləyir?

Peyvəndlər orqanizmə infeksiyanı tanımağı öyrədir və xəstəliklə mübarizə aparmaq şansını artırır.

Lakin bəzi viruslar daim mutasiyaya uğrayaraq görünüşlərini dəyişirlər. Buna görə də Covid və mövsümi qrip peyvəndləri mütəmadi olaraq yenilənməlidir.

Tədqiqatın rəhbərlərindən professor Jonathan Heeney deyib:

“Biz həmişə virusların arxasınca qaçırıq. Məqsədimiz isə onlardan bir addım öndə olmaqdır.”

Alimlər müxtəlif koronavirusların genetik kodlarını süni intellektə təqdim ediblər. Süni intellekt həmin məlumatları təhlil edərək “super-antigen” adlandırılan xüsusi bir struktur hazırlayıb.

Antigen peyvəndin ən vacib hissəsidir, çünki immun sistemi məhz onu tanıyaraq müdafiə reaksiyası yaradır.

Yeni hazırlanmış super-antigen immun sistemini elə öyrətməyə çalışır ki, o, təkcə mövcud viruslara deyil, gələcəkdə mutasiyaya uğramış və ya heyvanlardan insanlara keçə biləcək yeni viruslara qarşı da müdafiə yarada bilsin.

İlk nəticələr

39 nəfərin iştirak etdiyi ilkin klinik sınaqlar peyvəndin təhlükəsiz olub-olmadığını yoxlamaq məqsədi daşıyırdı.

Hazırda təxminən 200 nəfərin iştirak etdiyi ikinci mərhələ araşdırması davam edir və peyvəndin immun sistemini nə dərəcədə effektiv hazırladığını daha dəqiq göstərəcək.

Nəticələr Infection jurnalında dərc olunub. Araşdırmada peyvəndin immun sisteminə təsirinin hələlik “mülayim” olduğu bildirilsə də, mütəxəssislər texnologiyanı böyük potensiala malik hesab edirlər.

Professor Saul Faust bildirib ki, süni intellektlə hazırlanmış bu dizayn “çox həyəcanvericidir” və xüsusilə sürətlə dəyişən viruslara qarşı peyvənd hazırlanmasında böyük üstünlük verə bilər.

Gələcək planlar

Alimlər hazırda:

Hər il yenilənməsinə ehtiyac olmayan universal qrip peyvəndi,

İnsanlar arasında yayılma potensialı olan H5N1 quş qripi peyvəndi,

Müxtəlif Ebola növlərini əhatə edən peyvəndlər

üzərində araşdırmalar aparırlar.

Tədqiqatda iştirak etməyən Andy Pollard isə bildirib ki, süni intellekt peyvənd araşdırmalarında əsl dönüş nöqtəsi ola bilər:

“Bu texnologiya peyvəndlərin hazırlanmasını sürətləndirə və gələcəkdə çoxlu insan həyatını xilas edə bilər.”

Mütəxəssislərin fikrincə, süni intellekt immun sisteminin peyvəndə necə reaksiya verəcəyini əvvəlcədən proqnozlaşdıra bildiyi üçün gələcəkdə yeni peyvəndlərin hazırlanması daha sürətli və daha effektiv ola bilər.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az