İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İnsana bənzəyən robot bazarında investisiya yarışı qızışır

Süni intellekt sahəsindəki irəliləyişlər və istehsal xərclərinin azalması insansı robot sektoruna yönələn investisiyaları yeni mərhələyə çıxarıb. “Fiziki süni intellekt”ə yatırımlar 6 milyard dolları keçib və maliyyə nəhəngləri bu sahəni süni intellekt inqilabının ən böyük bazar imkanlarından biri kimi görürlər.

Bazar proqnozları sürətlə artır

Goldman Sachs insansı robot bazarına dair 2035-ci il proqnozunu ciddi şəkildə yüksəldərək 6 milyard dollardan 38 milyard dollara çatdırıb.

Bankın araşdırma qrupu bildirir ki, modellərin davranışları əl ilə mühəndislik olmadan öz-özünə öyrənə bilməsi üçün uçdan-uça (end-to-end) süni intellekt təlimi ən mühüm irəliləyişdir.

Goldman Sachs 2030-cu ilə qədər əsasən sənaye məqsədli olmaqla 250 mindən çox insansı robotun tədarük ediləcəyini gözləyir.

SoftBank rəhbəri Masayoshi Son isə insansı və sənaye robotikasının trilyon dollarlıq yeni nəhəng şirkətlərin yaranacağı sahə olduğunu bildirir.

Robotlar artıq real istehsalda istifadə olunur

İnsansı robotlar pilot mərhələsini keçərək istehsal xətlərində işləməyə başlayıb.

Agility Robotics tərəfindən hazırlanan “Digit” robotu logistika mərkəzində 100 mindən çox daşıma əməliyyatını uğurla yerinə yetirib və daha sonra Toyota ilə müqavilə imzalayıb.

Boston Dynamics “Atlas” modelinin 2026 istehsal gücünün artıq tam dolduğunu açıqlayıb.

Hyundai zavodlarında Atlas robotları avtomobil hissələrinin daşınmasında istifadə olunur.

Figure AI-nin “Figure 02” modeli BMW-də minlərlə montaj və daşınma əməliyyatına kömək edib.

Simulyasiyadan real dünyaya keçid

Xərclərin azalmasının əsas səbəbi yeni təlim metodlarıdır. “Sim-to-real” yanaşmasında robotlar əvvəlcə virtual mühitdə öyrədilir, sonra isə birbaşa real cihazlara köçürülür.

NVIDIA-nın “GR00T N1” modeli vizual-anlama və motor komanda sistemlərini birləşdirərək müxtəlif robotlara uyğun işləyə bilir.

Çin istehsalının genişlənməsi ilə aktuator xərcləri də azalıb. Nəticədə 150 min dollar olan robotlar 40–60 min dollar aralığına düşüb. Hətta kirayə modeli ilə saatlıq təxminən 30 dollara istifadə mümkündür.

Çin və ABŞ arasında rəqabət

Çin insansı robot istehsalında liderdir. Unitree Robotics keçən il 5 500 robot satıb və bu rəqəmi 10–20 minə çatdırmağı planlaşdırır.

Lakin Çin şirkətləri ilə bağlı təhlükəsizlik və hüquqi narahatlıqlar artır. ABŞ-da bəzi qanun layihələri bu şirkətlərin araşdırılmasını və istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutur.

Bəzi tədqiqatçılar isə müəyyən robot modellərində gizli məlumat ötürülməsi və təhlükəsizlik boşluqları olduğunu iddia edir. Şirkətlər bu iddiaları rədd edir.

Texniki və hüquqi məhdudiyyətlər

İnsansı robotlar hələ tam universal deyil:

Həssas obyektlərlə işləməkdə çətinliklər var

Qeyri-sabit mühitlərdə sabitlik problemi mövcuddur

Batareya ömrü 2–8 saat arasında dəyişir

Standartlaşdırma hələ tamamlanmayıb

Bəzi hüquqi boşluqlar da qalır, xüsusilə robotların tətbiq etdiyi güc və təhlükəsizlik standartları tam müəyyən olunmayıb.

İqtisadi və sosial təsir

Robotlar əsasən anbar və logistika kimi təkrarlanan işləri əvəz edəcək. Hesablamalara görə, 2030-cu ilə qədər yüz milyonlarla iş avtomatlaşdırmadan təsirlənə bilər, amma eyni zamanda yeni iş sahələri də yaranacaq.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az