İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Qurban Bayramında ət istehlakı və saxlanma qaydalarında nələrə diqqət edilməlidir?

Səhiyyə Nazirliyi Qurban Bayramı zamanı ət istehlakı, saxlanma şəraiti, gigiyena qaydaları və bayramda balanslı qidalanma ilə bağlı diqqət edilməli məqamlar barədə xəbərdarlıq edib.

Nazirliyin açıqlamasında bildirilir ki, Qurban Bayramı dövründə qidalanma vərdişlərinin sağlam şəkildə davam etdirilməsi və kifayət qədər, balanslı qidalanmanın qorunması böyük əhəmiyyət daşıyır.

Bayram günlərində həm xroniki xəstələrin, həm də sağlam insanların qida seçimində və porsiya nəzarətində diqqətli olmaları tövsiyə olunur.

Bayram səhəri səhər yeməyi atlanmamalıdır

Açıqlamada qeyd olunur ki, bayram səhəri səhər yeməyi mütləq yeyilməlidir. Səhər yeməyində süd və süd məhsulları, eləcə də tam taxıllı çörəklərin balanslı şəkildə qəbul edilməsi tövsiyə olunur.

Ətin tək başına deyil, tərəvəzlərlə birlikdə bişirilməsi və ya salatla birlikdə istehlak edilməsi daha sağlam qidalanma üsulu kimi göstərilir. Qırmızı ət istehlakı ilə yanaşı, şirniyyat və un məmulatlarının da miqdarına diqqət yetirilməsi vurğulanır.

Gün ərzində kifayət qədər su içilməsi və ən az 30 dəqiqəlik gəzintilərin edilməsi də tövsiyə edilir.

Xüsusi risk qrupları

Açıqlamada qeyd olunur ki, yeni kəsilmiş heyvan ətindəki sərtlik həm bişirmə, həm də həzm prosesini çətinləşdirə bilər. Buna görə mədə-bağırsaq problemi olan şəxslərin qurban ətini dərhal istehlak etməmələri, əti bir neçə gün soyuducuda saxladıqdan sonra qaynadılmış və ya qızardılmış şəkildə yemələri tövsiyə olunur.

Xolesterin və ürək-damar xəstəlikləri riski olan şəxslərin isə xüsusilə sakatat (içalat) məhsullarından uzaq durmaları məsləhət görülür.

Ət çiy və ya az bişmiş yeyilməməlidir

Açıqlamada həmçinin kəsim prosesində gigiyena qaydalarına ciddi əməl olunmasının vacibliyi vurğulanır.

Ətin çiy və ya az bişmiş şəkildə istehlak edilməməsi, ət doğranan bıçaq və səthlərin digər qidalarla qarışdırılmaması, həmçinin çiy tərəvəz, meyvə və çörəyin eyni kəsim lövhəsində doğranmaması barədə xəbərdarlıq edilir.

Kəsilən ətin böyük parçalarda deyil, kiçik hissələrə bölünərək soyuducunun buzluq bölməsində və ya dərin dondurucuda saxlanması tövsiyə olunur.

Ət asanlıqla xarab ola bilən riskli qida hesab edilir. Dondurulmuş ət əridildikdən sonra yenidən dondurulmamalı, əridilmiş ət isə gecikdirilmədən bişirilməlidir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az