Mütəxəssislər bildirirlər ki, tütün istifadəsi yalnız ağciyərlərə deyil, həm də beyin sağlamlığına ciddi mənfi təsir göstərir və düşünmə, yaddaş, diqqət, qərarvermə və davranışa nəzarət kimi bilişsel funksiyaları idarə edən beyin qabığında incəlməyə səbəb ola bilər. Bu isə unutqanlıq, diqqət pozğunluğu və şəxsiyyət dəyişiklikləri kimi problemlərə yol aça bilər.
Bilkent Şəhər Xəstəxanasının nevroloq mütəxəssisi dos. Dr. Görkem Tutal Gürsoy bildirib ki, tütün istifadəsinin xüsusilə beyin qabığında incəlməyə və beyin damarlarının zədələnməsinə səbəb olduğu son elmi araşdırmalarda sübut edilib.
O qeyd edib ki, beyin qabığı düşünmə, danışma, yaddaş və qərarvermə kimi vacib funksiyaları idarə edən əsas beyin hissəsidir. Bu bölgədə baş verən incəlmə isə unutqanlıq, öyrənmə çətinliyi, diqqət dağınıqlığı və şəxsiyyət dəyişikliklərinə səbəb ola bilər. Bəzi hallarda depressiyaya bənzər simptomlar da müşahidə oluna bilər.
Həkimin sözlərinə görə, siqaretin istifadə müddəti və miqdarı beyin qabığındakı incəlmənin dərəcəsinə birbaşa təsir edir. Siqaret tüstüsündə olan toksik maddələr beyin hüceyrələrinə (neyronlara) zərər verir və onların ölümünə səbəb ola bilər.
Bu zədələnmə Alzheimer kimi xəstəliklərin yaranma riskini artırır, eyni zamanda beyin damarlarının zədələnməsi nəticəsində insult (iflic) kimi ciddi nevroloji xəstəliklər də yarana bilər.
Dos. Dr. Gürsoy həmçinin elektron siqaret və qızdırılmış tütün məhsullarının da nikotin tərkibli olduğu üçün beyin hüceyrələrinə zərər verdiyini və beyin sağlamlığına mənfi təsir göstərdiyini bildirib.
O vurğulayıb ki, siqaretə erkən yaşda başlamaq riskləri daha da artırır. İstifadə müddəti uzandıqca beyin zədəsi də artır, qəbul edilən miqdar çoxaldıqca hüceyrə ölümü sürətlənir. Uzunmüddətli istifadədə davranış dəyişiklikləri də müşahidə oluna bilər.
Passiv siqaret tüstüsü də beyin sağlamlığına zərərlidir
Mütəxəssis bildirib ki, siqareti tərgitdikdən sonra beynin özünü bərpa etməsi çox uzun vaxt tələb edir və bu proses təxminən 25 ilə qədər davam edə bilər. Passiv siqaret tüstüsü də beyin sağlamlığına mənfi təsir göstərir, çünki tüstüdə olan kimyəvi maddələr və ağır metallar beyinə zərər verir.
Dos. Dr. Gürsoy yekunda bildirib ki, beyin sağlamlığını qorumaq üçün tütün və tütün məhsullarından uzaq durmaq lazımdır. Xüsusilə uşaqların və gənclərin bu məhsullardan qorunması böyük əhəmiyyət daşıyır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
