İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Neyroalimdən gələcəyin insanı üçün vacib beyin bacarıqları

Hanna Kritklovun yeni “The 21st Century Brain” kitabında alim süni intellekt dövründə uğurlu olmaq üçün insan beyninin hansı bacarıqlara ehtiyac duyacağını və bu qabiliyyətləri necə inkişaf etdirə biləcəyimizi izah edir.

Dünya sürətlə dəyişdikcə insanlar bəzən beyinlərini “yeniləmək” istəyirmiş kimi hiss edirlər. İlk baxışdan bu mümkün görünmür, çünki insan beyninin quruluşu daş dövründə yaşayan əcdadlarımızın beynindən çox da fərqlənmir. Hətta alimlər deyirlər ki, son 10 min ildə beynimizin ölçüsü bir qədər kiçilib.

Buna baxmayaraq, Kembric Universitetinin neyroalimi Hanna Kritklov nikbin düşünür. O bildirir ki, hər bir insan gələcəyin çətinliklərinə uyğunlaşmaq üçün zehni çeviklik inkişaf etdirə bilər.

Alim deyir:

“Bu kitabı əvvəlcə özüm üçün yazdım ki, daha yaxşı qərarlar verə bilim və xüsusilə orta yaş dövründə həyatımı yaxşılaşdıra bilim. Eyni zamanda valideynlərim üçün də yazdım ki, yaşlandıqca beyin sağlamlıqlarını qoruya bilsinlər. Oğlum isə hazırda 10 yaşındadır və düşünürəm: onun beyninin inkişaf etməsi üçün nə edə bilərəm?”

Süni intellekt dövründə insan beyninin rolu

Kritklov kitab üzərində işləməyə üç il əvvəl başladığını deyir. O vaxtdan bəri AI texnologiyaları sürətlə inkişaf edib və artıq həm cəmiyyətə, həm də insanların gündəlik həyatına ciddi təsir göstərir.

Onun fikrincə, süni intellekt neyroelm sayəsində yaradılıb. Buna görə də sual yaranır:

“Əgər bu biliklərlə AI yarada biliriksə, niyə həmin anlayışlardan insan beyninin potensialını artırmaq üçün istifadə etməyək?”

21-ci əsrdə ən vacib bacarıqlar

Alim əsas diqqəti uzun müddət “yumşaq bacarıq” hesab edilən, amma əslində insan həyatında böyük rol oynayan xüsusiyyətlərə yönəldib:

empatiya,

emosional zəka,

yaradıcılıq,

problem həll etmə,

uzunmüddətli düşünmə,

dəyişiklik və qeyri-müəyyənliyə uyğunlaşma.

O bildirir ki, bugünkü sürətli sosial və texnoloji dəyişikliklər dövründə məhz bu bacarıqlar insanı güclü edəcək.

Emosional zəka və empatiya

Kritklov deyir ki, emosional zəka insanın:

həyat məmnuniyyətinə,

münasibətlərinə,

hətta akademik uğuruna böyük təsir göstərir.

Araşdırmalar göstərir ki, empatiya və emosional zəkanın müəyyən hissəsi genetik olsa da, onları inkişaf etdirmək mümkündür.

Jamil Zaki adlı psixoloq insanın əvvəlcə özünə qarşı anlayışlı davranmalı olduğunu deyir:

“Özündən soruş: niyə belə hiss edirəm və özümə kömək etmək üçün nə edə bilərəm?”

Onun fikrincə, insan özünə qarşı mərhəmətli olduqca bu münasibət ətrafdakılara da yayılır.

Bağırsaq və davranış əlaqəsi

Fransadakı INSEAD institutundan Hilke Plassmann və komandası 100 sağlam insan üzərində araşdırma aparıb.

İştirakçılar 7 həftə ərzində prebiotik və probiotik qəbul ediblər. Nəticədə onların bağırsaq mikrobiomu daha müxtəlif olub və davranışlarında altruizm artıb. Yəni onlar başqalarının xeyri üçün öz pullarından keçməyə daha meylli olublar.

Kritklov bunu “inanılmaz” adlandırır.

Alim bildirir ki, bağırsaqda çoxlu sinirlər yerləşir və onlar vagus siniri vasitəsilə beyinə siqnallar göndərirlər. “Gut feeling” deyilən hiss də məhz bununla əlaqəlidir. Güman edilir ki, bağırsaq bakteriyaları sinir sisteminə təsir edən maddələr istehsal edir və bu da davranışımıza təsir göstərir.

Yaradıcılığı necə artırmaq olar?

Kritklov deyir ki, dahilərlə adi insanlar arasındakı fərq düşündüyümüz qədər böyük deyil.

Onun fikrincə, yaradıcılığı artırmaq üçün:

xəyal qurmağa vaxt ayırmaq,

beynin sərbəst dolaşmasına imkan vermək,

təbiətdə gəzmək çox vacibdir.

Alim deyir ki, insan gününün təxminən 20 faizini “mind-wandering” — yəni məqsədsiz düşüncə halında keçirir və yeni ideyalar çox vaxt məhz bu anlarda yaranır.

Təbiətdə gəzmək beyində “alpha waves” adlanan və sakit, yaradıcı düşüncə ilə əlaqəli dalğaları artırır.

O, qədim yunan alimi Arximedin vannada olarkən “Evrika!” anını yaşamasını da bununla əlaqələndirir.

Yuxunun da yaradıcılıq üçün vacib olduğu vurğulanır. Xüsusilə insan yuxuya gedərkən beynin fərqli və parçalanmış düşüncə forması yeni ideyaların yaranmasına kömək edir.

Hətta Tomas Edison haqqında belə bir hekayə danışılır: o, əlində metal əşya tutaraq yuxuya gedərmiş. Əşya yerə düşüb səs salanda oyanar və ağlına gələn yeni fikirləri yazarmış.

İdman və beyin sağlamlığı

Kritklov bildirir ki, fiziki aktivlik yalnız bədən üçün deyil, beyin üçün də çox faydalıdır.

İdman:

yeni sinir hüceyrələrinin yaranmasına,

beyində yeni əlaqələrin qurulmasına kömək edir,

insanın yeni məlumatlara uyğunlaşmasını asanlaşdırır.

Bioenergetika nədir?

Alim “bioenergetika” anlayışından da danışır. Bu, hüceyrələrdə enerji istehsal edən mitoxondrilərlə bağlıdır.

Beyin düşünmək üçün çox enerji sərf etdiyinə görə mitoxondrilərin sağlam işləməsi vacibdir.

Bunun üçün isə:

idman etmək,

kifayət qədər yatmaq,

sağlam qidalanmaq lazımdır.

Kritklov xüsusilə çox şəkərli və işlənmiş qidalardan uzaq durmağı tövsiyə edir.

Müasir həyatın sürəti ilə necə baş etmək olar?

Sonda alim deyir ki, insan beyni dəyişiklikdən və qeyri-müəyyənlikdən qorxmağa meyllidir. Amma eyni zamanda insan növü yenilik yaratmağa, araşdırmağa və inkişaf etməyə də can atır.

Onun fikrincə, bu iki hiss arasında balans qurmaq vacibdir:

“Dəyişiklikdən bir qədər qorxmaq insan təbiətinin normal hissəsidir.”

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az