Bilgi Universitetinin tələbələri üç gündür ki, məktəblərinin bağlanmasına etiraz edirdilər.
Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar da bu qərarı sosial media hesabında “Prezidentimizin təsdiqi ilə İstanbul Bilgi Universitetində təhsil və təlim fəaliyyətləri fasiləsiz davam edəcək” sözləri ilə paylaşıb.
Təsisçi fonduna qəyyum təyin edilmiş Bilgi Universitetinin fəaliyyət lisenziyası Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı prezident fərmanı ilə ləğv edildi.
Lakin bu qərardan üç gün sonra Prezident Ərdoğan yeni bir fərmanla əvvəlki qərarını ləğv etdi. Beləliklə, fəaliyyət lisenziyasının ləğvi qərarı ləğv edildi.
Qərarda bu addımın “Ali Təhsil Şurasının Sədrliyinin tələbi ilə” atıldığı bildirilirdi, lakin həmin məktubun məzmunu açıqlanmırdı.
Qərar “2547 saylı Ali Təhsil Qanununun 11-ci maddəsinə uyğun olaraq” qəbul edilib.
Maddə universitetlərin fəaliyyət lisenziyalarının ləğvini tənzimləyir.
Bilgi Universitetinin fəaliyyət lisenziyası ləğv edildikdən sonra tələbələr onun zamin universiteti olan Memar Sinan Universitetinə köçürülməli idilər.
YÖK sədri Özvar qərardan sonra sosial media hesabında paylaşım edərək bildirib ki, Prezident Ərdoğan qərarı “tələbələrimizin, onların ailələrinin və universitet işçilərinin heç bir çətinlik çəkməməsini təmin etmək üçün güclü iradəyə uyğun olaraq” yeniləyib və əlavə edib:
“İlkin qərar mövcud qanunvericilik çərçivəsində həyata keçirilməli olan məcburi hüquqi prosedur idi.”
“Lakin, sonradan təqdim edilən hesabatlar və mövcud vəziyyətin qiymətləndirilməsi işığında Prezidentimiz həmişə olduğu kimi, tələbələrimizin, onların ailələrinin və universitet işçilərinin gözləntilərinə həssaslıq göstərib.”
Bilgi Universitetinin hüquqşünası və akademiki professor Yaman Akdeniz 25 mayda sosial media paylaşımında “Ümid edirəm ki, bu, müvəqqəti deyil, daimi bir qərardır” deyə bildirib və əlavə edib:
“Gəlin görək, şəffaf olmayan və minlərlə tələbə və işçiyə təsir edən bu qərar qəbuletmə proseslərinin tarixini öyrənə bilərikmi?”
Bilgi Universiteti də qərardan sonra açıqlama yayıb.
Universitetin qəyyumlar şurasının və rektor professor Ege Yazqanın imzaları ilə dərc olunmuş bəyanatda deyilirdi: “Yüksək ictimai maraqları nəzərə alaraq və hörmətli Prezidentimizin təsdiqi ilə universitetimizin fəaliyyətini davam etdirməsinə qərar verildi.”
Universitet bildirib ki, mövcud akademik təqvim fasiləsiz davam edəcək.
Mənbə:BBC
Tərtib etdi:Səid Mikayılzadə
Gundelik.az
