Birləşmiş Millətlər Təşkilatının yeni hesabatına əsasən, dünya əhalisinin təxminən 40 faizini təşkil edən 3 milyard insan münasib mənzil böhranı ilə üz-üzədir. Bu böhran yüksək qiymətlər, mənzil çatışmazlığı, keyfiyyətsiz yaşayış şəraiti, eləcə də su və kanalizasiya kimi əsas şəhər xidmətlərinə çıxışın olmaması ilə xarakterizə olunur.
2050-ci ilə qədər şəhərlərin əlavə 2 milyard sakini qəbul edəcəyi gözlənilir ki, bu da artıq sürətli urbanizasiya, torpaq qiymətlərinin artması, bərabərsizliyin dərinləşməsi və iqlim dəyişikliklərinin təsiri altında olan mənzil sistemlərinə təzyiqi daha da artıracaq. İqlimlə bağlı fəlakətlərin 2040-cı ilə qədər 167 milyon evi dağıdacağı proqnozlaşdırılır. 2023-cü ildə təbii fəlakətlər nəticəsində 280 milyard ABŞ dolları həcmində zərər qeydə alınıb və bunun böyük hissəsi sığortalanmayıb.
2024-cü ilin sonuna qədər məcburi köçkünlərin sayı 123,2 milyona çatıb ki, bu da əvvəlki onilliklə müqayisədə iki dəfə çoxdur. Son 20 ildə əlavə 64 milyon insan qeyri-rəsmi yaşayış məntəqələrindən köçkün düşüb. Məcburi köçkünlərin əksəriyyəti şəhərlərə üz tutur və çox vaxt təhlükəli, qeyri-standart yaşayış yerlərində məskunlaşır, burada isə yenidən köçürülmə riski ilə qarşılaşırlar. İnkişaf etməkdə olan ölkələrdə qeyri-rəsmi mənzillər ümumi yaşayış tikintisinin 80 faizinə qədərini təşkil edir.
Araşdırmaya görə, münasib və keyfiyyətli mənzil çatışmazlığı son on ildən bir qədər artıq müddətdə 30 faiz artaraq 268 milyondan çox mənzil vahidinə çatıb. Hazırda 1,1 milyard insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır.
Dünyanın əksər bölgələrində mənzil qiymətləri gəlirlərdən daha sürətlə artıb. Qlobal səviyyədə mənzil qiymətinin gəlirə nisbəti 2010-cu ildəki 9,3 göstəricisindən 2023-cü ildə 11,2-yə yüksəlib. Bu rəqəm Mərkəzi və Cənubi Asiyada 16,8-ə çatıb. 2023-cü ildə dünyada mənzil krediti üçün müraciət edənlərin yalnız 25,5 faizi kredit əldə edə bilib. Saxaraaltı Afrikanın bəzi bölgələrində isə bu göstərici cəmi 1 faiz olub.
Qlobal miqyasda ev təsərrüfatlarının 44 faizi gəlirlərinin 30 faizindən çoxunu mənzilə xərcləyir. Kirayə mənzillərin əlçatmazlığı ən çox Saxaraaltı Afrikada müşahidə olunur — burada kirayəçilərin 55 faizi həddindən artıq maliyyə yükü altındadır. Hesabatda qeyd olunur ki, milli, regional və yerli səviyyələrdə dövlət maliyyəsi daha səmərəli subsidiyalar vasitəsilə həm tələb, həm də təklif tərəfini dəstəkləməlidir.
BMT-nin davamlı yaşayış və şəhər inkişafı üzrə agentliyi olan UN-Habitat tərəfindən yayımlanan “World Cities Report 2026: Global Housing Crisis: Pathways to Action” hesabatında bildirilir ki, qlobal mənzil böhranı çoxşaxəli xarakter daşıyır və onun əsasını struktur problemlər təşkil edir. Hesabat vurğulayır ki, demoqrafik dəyişikliklər, ekoloji təzyiqlər və dəyişən iqtisadi şərtlər böhranı daha da dərinləşdirərək bərabərsizlik, yoxsulluq və iqlim riskləri kimi problemləri artırır.
Bununla yanaşı, hesabat mənzil böhranının həll edilə biləcəyini də qeyd edir. Sənəddə qeyri-rəsmi yaşayış məntəqələrinin “həll olunmaz problem” kimi deyil, şəhər həyatının reallığı kimi qəbul edilməsinin vacibliyi vurğulanır. Siyasətlərin məqsədi bu yaşayış məntəqələrini sıradan çıxarmaq deyil, onların potensialından istifadə edərək insanların yaşayış şəraitini yaxşılaşdırmaq olmalıdır.
Hesabat həmçinin sosial və münasib mənzil tikintisinə dövlət investisiyalarının ciddi şəkildə artırılmasına, eləcə də əlçatan mənzil sektorunda özəl investisiyaların təşviqinə çağırır. İcmaların və xüsusilə marginal qrupların qərarvermə prosesinə cəlb olunmasının vacibliyi də xüsusi vurğulanır.
UN-Habitat-ın icraçı direktoru Anacláudia Rossbach bildirib:
“Uyğun və əlçatan mənzil üçün yeni sosial müqaviləyə ehtiyac var. Hökumətlər, özəl sektor və icmalar investisiyaları səfərbər etmək və mənzilin həm sosial, həm də iqtisadi funksiyalarını uzlaşdırmaq üçün ortaq məsuliyyət hissi ilə hərəkət etməlidirlər.”
Hesabat mayın 17-də Baku şəhərində açılan və davamlı şəhər inkişafına həsr olunan nüfuzlu qlobal tədbir — World Urban Forum 13 çərçivəsində yayımlanıb.
Mənbə:wuf13.az
Tərtib etdi:Ziyalə Əhmədli
Gundelik.az
