“Son 3 il ərzində xarici istehsalçılar Azərbaycan ərazisində film istehsalına 12 milyon ABŞ dolları vəsait xərcləyiblər”.
Gundelik.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli AZƏRTAC-a müsahibəsində deyib.
Onun sözlərinə görə, sənayenin inkişaf etdirilməsi üçün təşviq mexanizmlərindən istifadə olunur:
“Kino sahəsində tətbiq olunan “cash rebate” – (qismən geri ödəniş) mexanizmi bu baxımdan mühüm alətdir. Qaydalara əsasən Azərbaycan Respublikasında filmin istehsalı üçün mal, iş və xidmətlərin alınmasına istehsalçı tərəfindən çəkilmiş xərclərin 25 faizi geri qaytarılır. Bundan başqa, mədəniyyətimizin təbliği üçün müəyyən edilmiş meyarların azı üçünə cavab verdikdə əlavə olaraq çəkilmiş xərclərin 15 faizi məbləğində vəsait istehsalçıya geri qaytarılır. Bu mexanizm film istehsalını stimullaşdırmaqla yanaşı, xarici istehsalçıları da ölkəyə cəlb edir. Son 3 il ərzində xarici istehsalçılar Azərbaycan ərazisində film istehsalına 12 milyon ABŞ dolları vəsait xərcləyiblər”.
“Kino həm də Azərbaycanın mədəniyyət diplomatiyasında ana xətlərdən və alətlərdən biridir. Ona görə kinonun, kino məhsullarının ölkə xaricinə, dünya bazarına çıxarılması üçün bir çox işlər həyata keçirilməkdədir”, – nazir əlavə edib.
