Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, 3 günlük atəşkəsin başa çatmasından sonra Rusiya ordusu ölkəyə hava hücumlarını davam etdirib.
Zelenski sosial şəbəkə hesabında yazıb ki, 9–11 may tarixlərini əhatə edən qısamüddətli atəşkəs bitdikdən sonra cəbhə xəttində vəziyyət yenidən gərginləşib.
Onun sözlərinə görə, Rusiya həmin gecə Ukraynaya 200-dən çox silahlı pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Bundan əlavə, 80-dən çox hava bombası atılıb və 30-dan artıq hava hücumu qeydə alınıb.
Zelenski bildirib ki, Dnipropetrovsk, Kiyev, Jitomir, Xarkov, Sumı, Nikolayev və Çerniqov bölgələri hücumların hədəfi olub. O, yaşayış binaları, enerji obyektləri, uşaq bağçası və bir lokomotivin də zərər gördüyünü qeyd edib.
Prezidentin sözlərinə görə, hücumlar nəticəsində yaralananlar var və təəssüf ki, ölənlər də qeydə alınıb.
Zelenski həmçinin vurğulayıb ki, Ukrayna əvvəlki kimi bu hücumlara cavab verəcək və Rusiyanı müharibəni dayandırmağa, davamlı və uzunmüddətli atəşkəsə razı olmağa çağırıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, həmin gecə 216 PUA hücumda istifadə olunub, onlardan 192-si hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Qalan dronlar isə ölkənin 10 fərqli nöqtəsinə düşüb.
Atəşkəs prosesi çərçivəsində Rusiya Prezidenti Vladimir Putin 8–9 may tarixlərində “Qələbə Günü” münasibətilə müvəqqəti atəşkəs elan etmişdi. ABŞ Prezidenti Donald Tramp isə 9–11 may tarixlərində tərəflər arasında 3 günlük atəşkəs və əsir mübadiləsi barədə razılaşma olduğunu bildirmişdi. Rusiya və Ukrayna bu təşəbbüsə razılıq vermişdi.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
