Hindistan və Çində milyonlarla futbol azarkeşi 2026 Dünya Kuboku oyunlarını televiziyada izləyib-izləyə bilməyəcəkləri ilə bağlı qeyri-müəyyənlik yaşayır. Buna səbəb yerli yayımçıların futbolun beynəlxalq idarəedici qurumu olan FIFA ilə hələ də razılığa gələ bilməməsidir.
Belə böyük turnirlər üçün yayım hüquqları adətən yarış başlamazdan aylar, hətta illər əvvəl razılaşdırılır. Ancaq Dünya Kubokunun startına cəmi bir neçə həftə qaldığı halda, hələ də müqavilələrin imzalanmaması qeyri-adi hal sayılır.
Hər iki ölkənin yerli mediası bildirir ki, tərəflər əsasən oyunların yayım qiyməti üzərində razılığa gələ bilmirlər.
FIFA BBC-yə açıqlamasında Çin və Hindistanla danışıqların “davam etdiyini və hazırda məxfi saxlanmalı olduğunu” bildirib, lakin qiymətlərlə bağlı detalları açıqlamayıb.
Qurumun məlumatına görə, indiyədək 180 regionla yayım müqaviləsi bağlanıb. Amma dünya əhalisinin təxminən üçdə birini təşkil edən Hindistan və Çin də daxil olmaqla bəzi ölkələrdə hüquqlar hələ satılmayıb.
Məlumata əsasən, FIFA Çinin dövlət televiziyası olan China Central Television üçün ilkin olaraq təxminən 300 milyon dollar (220 milyon funt sterlinq) dəyərində təklif irəli sürüb.
Sonradan bu məbləğ 120–150 milyon dollar aralığına endirilsə də, dövlət nəzarətində olan “Beijing Daily” qəzetinin yazdığına görə, bu rəqəm yenə də CCTV-nin büdcəsindən iki dəfədən çoxdur.
Qəzet həmçinin qeyd edib ki, Çin millisi turnirə vəsiqə qazanmadığı üçün ölkədə Dünya Kubokuna maraq əvvəlki illərlə müqayisədə daha aşağı ola bilər.
Bundan əlavə, Şimali Amerika ilə Çin arasındakı vaxt fərqinə görə bir çox vacib oyunlar Çin tamaşaçıları üçün gecə saatlarında yayımlanacaq.
Əvvəlki Dünya Kuboklarında isə FIFA ilə Çin arasında müqavilələr daha erkən bağlanmışdı. Məsələn, FIFA 2017-ci ilin noyabrında CCTV ilə 2018 və 2022 Dünya Kuboklarının eksklüziv yayımı barədə razılıq əldə etdiyini açıqlamışdı.
Hindistanda da hələ yekun razılaşma əldə olunmasa da, yerli media yaxın günlərdə müqavilənin elan ediləcəyini yazır.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
