İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Dollar yüngül yüksəlişdə: İran gərginliyi izlənilir

Dollar/TL çərşənbə axşamı gününə yüksələn inflyasiya göstəriciləri və ABŞ ilə İran arasında artan gərginlik fonunda yüngül artımla başlayıb. Dollar 45,21 TL, avro isə 52,85 TL səviyyəsindən açılıb.

Aprel ayında inflyasiya gözləntiləri aşaraq sürətlənib. ABŞ ilə İran arasındakı gərginliyin təsirinin hiss olunduğu ayda aylıq inflyasiya 4,18%, illik inflyasiya isə 32,37% olub. Gözləntilər isə aylıq 3,20% idi.

Qiymət artımında ən böyük pay qida və enerjinin üzərinə düşüb. Xüsusilə mənzil, su, elektrik və qaz xərclərində ciddi artım qeydə alınıb.

Rəsmi qurumların açıqlamalarına görə, enerji və ərzaq qiymətlərindəki artım inflyasiyanın yüksəlməsində əsas rol oynayıb. Türkiyə Mərkəzi Bankı da enerji və qida qiymətlərinin inflyasiyanın ümumi istiqamətini yüksəltdiyini bildirib.

Dörd aylıq kumulyativ inflyasiya 14,6% təşkil edib. Türkiyə Mərkəzi Bankının hədəfi isə 16% səviyyəsindədir. Bankın yaxın günlərdə inflyasiya hesabatında proqnozlarını yeniləməsi gözlənilir.

İnflyasiya göstəricilərindən sonra bazarlarda təzyiq artıb və xüsusilə bank sektorunda eniş müşahidə olunub. Analitiklər Mərkəzi Bankın sərt pul siyasətini davam etdirəcəyini bildirirlər.

Hazine və Maliyyə naziri Mehmet Şimşek inflyasiyadakı yüksəlişin müvəqqəti olduğunu deyib.

Eyni zamanda ABŞ ilə İran arasında artan gərginlik enerji bazarlarına da təsir göstərir. Hürmüz boğazı ətrafında qarşılıqlı hərbi gərginlik yaşanır. ABŞ Prezidenti Donald Tramp vəziyyətin nəzarətdə olduğunu və İranın razılaşmaya yaxınlaşa biləcəyini bildirib.

Neft qiymətləri əvvəlcə 114 dollara qədər yüksəldikdən sonra 113 dollar səviyyəsinə enib. Dollar indeksi (DXY) isə 0,17% artımla başlayıb.

Bu gün Türkiyə Mərkəzi Bankının rəhbəri Fatih Karahan parlament komissiyasında çıxış edəcək. Bazarlar isə həm inflyasiya, həm də ABŞ–İran gərginliyini yaxından izləyir.

Mənbə: Haber Global

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az