İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycan həmişə balanslı neft qiymətlərinin tərəfdarı olub – Pərviz Şahbazov

Azərbaycan həmişə balanslı neft qiymətlərinin tərəfdarı olub – bu həm istehsalçılar, həm istehlakçılar, həm də neft-qaz sənayesi üçün vacibdir.

Gundelik.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Qlobal enerji xəritəsinin yenidən formalaşdırılması: təhlükəsizlik və qeyri-müəyyənlik” panel sessiyasında deyib.

Nazir bildirib ki, enerji təhlükəsizliyi artıq dövlətlərin ümumi təhlükəsizliyinin əsas məsələsinə çevrilib: “Bu günlərdə bu məsələlər xüsusilə vacibdir, çünki biz dünya tarixində ən ciddi böhran təhdidlərindən birini yaşayırıq.

Hörmüz boğazına nəzər salsaq görərik ki, qlobal enerji təchizatının gündə təxminən 12 milyon barrel hissəsi risk altındadır. Bunun müəyyən hissəsi Avropaya yönəlir, oradan Avropaya LNG-nin 8%-dən çoxu, neftin 7%-i, həmçinin reaktiv yanacaq və dizelin 40%-i çatdırılır. Bu səbəbdən Avropa Hörmüz boğazında baş verən proseslər baxımından olduqca həssasdır. Bununla yanaşı, enerji təchizatının 90%-i Asiyaya gedir, yəni bu böhran qlobal xarakter daşıyır və hamımız birlikdə buna qarşı tədbirlər görməliyik”.

P. Şahbazov vurğulayıb ki, enerji təhlükəsizliyi bir gecədə qurula biləcək məsələ deyil: “Biz yalnız cari vəziyyəti deyil, gələcəyi də nəzərə almalıyıq. Azərbaycan illərdir neft və qaz təchizatı marşrutlarını şaxələndirib. Bu gün biz gündə 440 milyon barreldən çox neft tədarük edir və onu dünyanın təxminən 20 ölkəsinə, o cümlədən Avropa və Asiya ölkələrinə çatdırırıq.

Son illərdə isə Avropadakı tərəfdaşlarımıza təbii qaz ixracına başlamışıq və artıq 16 ölkəyə qaz çatdırırıq ki, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Bu fəaliyyətimiz qlobal enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Əlbəttə, neft və qaz istehsal edən ölkə kimi deyə bilərik ki, bu cür böhranların təsirini daha az hiss edirik. Lakin eyni zamanda biz OPEC+ təşkilatının məsul üzvüyük və hər zaman böhranların həlli üçün fəal iştirak etmişik. Azərbaycan bu proseslərdə yalnız iştirakçı deyil, bir çox hallarda vasitəçi rolunu da oynayıb”.

“Yüksək enerji qiymətləri ilə bağlı bəzən belə bir fikir formalaşır ki, istehsalçı ölkələr bundan böyük qazanc əldə edir. Lakin bu tam doğru deyil. Çünki bu ölkələrin suveren sərvət fondları qlobal maliyyə bazarlarına və müxtəlif aktivlərə investisiya edir. Fond bazarlarında eniş baş verdikdə biz də bundan təsirlənirik. Eyni zamanda idxal xərclərimiz də artır.

Bu səbəbdən Azərbaycan həmişə balanslı neft qiymətlərinin tərəfdarı olub – bu həm istehsalçılar, həm istehlakçılar, həm də neft-qaz sənayesi üçün vacibdir”, – P. Şahbazov əlavə edib.