İyul 8, 2026
Baku
Müsahibə Siyasət Xəbərlər

“Regionların gələcəyi gənclərin seçimindən keçir” – deputat açıqlama verdi

Son illərdə Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu siyasətin mühüm tərkib hissələrindən biri də gənclərin regionlarda saxlanılması, onların doğma yurdlarında öz potensiallarını reallaşdırmaları üçün əlverişli şəraitin yaradılmasıdır. Mövzu ilə bağlı Gundelik.az xəbər portalının suallarını Milli Məclisin deputatı Vüqar İskəndərli cavablandırıb.

 Regionlarda gənclərin paytaxta axınının qarşısını almaq üçün hansı motivasiya mexanizmləri tətbiq olunmalıdır?

deputat açıqlama verdi Azərbaycan dövlətinin həyata keçirdiyi regional inkişaf proqramlarının ana xəttini regionlarımızın sosial-iqtisadi simasının müasirləşdirilməsi təşkil edir. Bu prosesdə ən mühüm hədəf qrupu məhz gənclərdir. Gənclərin paytaxta axınının qarşısını almaq deyil, onların doğma yurdlarında özlərini reallaşdırmaları üçün daha cəlbedici imkanlar yaratmaq əsas prioritetimiz olmalıdır.

Hesab edirəm ki, bu istiqamətdə motivasiya mexanizmləri aşağıdakı sistemli yanaşma üzərində qurulmalıdır:

 Bu istiqamətdə ilk növbədə hansı addımlar atılmalıdır?

– İlk növbədə yerli istehsalatın təşviqi və “gənc sahibkar” təşəbbüslərinin dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Regionlarda kiçik və orta sahibkarlığın inkişafı gənclər üçün ən böyük motivasiya mənbəyidir. Biz gəncləri yalnız işçi kimi deyil, həm də iş quran, yeni dəyər yaradan fərdlər kimi görməliyik.

Bu baxımdan regionlarda fəaliyyətə başlayan gənclər üçün güzəştli mikro-kreditləşmə imkanları genişləndirilməli, xüsusi “startap paketləri” tətbiq olunmalıdır. Eyni zamanda, aqrar sahədə innovativ yanaşmaların təşviqi mühüm rol oynayır. Müasir gənc üçün kənd təsərrüfatı yalnız ənənəvi fəaliyyət sahəsi deyil, həm də texnologiyaya əsaslanan perspektivli sektordur. “Ağıllı kənd” layihələri bu baxımdan xüsusi önəm kəsb edir.

Gənclərin regionlarda işləməsi üçün sosial təminat baxımından hansı mexanizmlər vacibdir?

– Gənc mütəxəssis regiona üz tutarkən öz gələcəyini təminat altında hiss etməlidir. Bu məqsədlə məqsədli dövlət proqramlarının əhatə dairəsi genişləndirilməlidir. “Gənc müəllim” və “gənc həkim” layihələrində tətbiq olunan həvəsləndirici mexanizmlərin digər sahələrə – mühəndislik, aqronomluq, baytarlıq və s. istiqamətlərə də şamil olunması məqsədəuyğundur.

Bununla yanaşı, mənzil təminatı məsələsi xüsusi aktuallıq kəsb edir. Regionlarda yaşayan və ya fəaliyyət göstərmək istəyən gənclər üçün ipoteka mexanizmlərinin daha əlverişli şərtlərlə təqdim olunması – aşağı ilkin ödəniş və minimal faiz dərəcələrinin tətbiqi onların regionlarda qalmasına ciddi stimul verə bilər.

 Müasir gənclərin tələbləri nəzərə alınaraq hansı addımlar atılmalıdır?

– Bu günün gənci rəqəmsal mühitdən kənarda təsəvvür olunmur. Ona görə də regionlarla paytaxt arasındakı rəqəmsal fərqin aradan qaldırılması mühüm əhəmiyyət daşıyır. Yüksək sürətli internet və müasir infrastruktur gənclərə distant təhsil almaq, beynəlxalq layihələrdə iştirak etmək imkanı yaradır.

Eyni zamanda, mədəni və sosial mühitin inkişafı da vacibdir. Rayon mərkəzlərində gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual mərkəzlərin, idman və incəsənət platformalarının genişləndirilməsi zəruridir. “Gənclər evləri” daha funksional fəaliyyət göstərməli və gənclərin maraq dairəsinə uyğun layihələr həyata keçirməlidir.

 Sonda bu istiqamətdə ümumi yanaşmanızı necə ifadə edərdiniz?

İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən islahatlar bir daha göstərir ki, regionların gələcəyi gənclərin enerjisi və müasir baxışı ilə birbaşa bağlıdır. Bizim əsas vəzifəmiz regionlarda yaşamağın yalnız iqtisadi baxımdan deyil, həm də sosial və mənəvi baxımdan cəlbedici və prestijli olduğunu sübut edən şəraiti daha da təkmilləşdirməkdir.

Gundelik.az