Baş nazirin sözlərinə görə, Böyük Britaniya regionda mina təmizləmə və dronlara qarşı müdafiə imkanlarını davam etdirəcək, lakin Britaniya hərbi gəmiləri və əsgərləri İran limanlarını bloklamaq üçün istifadə olunmayacaq.
BBC 5 Live-a verdiyi müsahibədə Starmer bildirib ki, əsas məqsədi Hörmüz boğazı-nın yenidən açılmasıdır ki, enerji qiymətləri mümkün qədər tez aşağı düşsün.
ABŞ bu blokadanı İranla aparılan danışıqların uğursuz olmasından sonra elan edib. İslamabad şəhərində keçirilən görüşdən sonra Tramp bildirib ki, ABŞ Hörmüz boğazına daxil olan və ya oranı tərk edən bütün gəmiləri blokadaya alacaq.
ABŞ Mərkəzi Komandanlığı – CENTCOM isə açıqlayıb ki, blokada İran limanlarına daxil olan və çıxan gəmilərə “neytral şəkildə” tətbiq olunacaq. Bununla yanaşı, İran limanları ilə əlaqəsi olmayan digər istiqamətlərə gedən gəmilərin hərəkətinə maneə törədilməyəcək.
Starmer qeyd edib ki, Böyük Britaniya müttəfiqləri ilə birlikdə boğazın bağlanması yox, açıq qalması üçün çalışır. O vurğulayıb ki, ölkəsi bu münaqişədə birbaşa hərbi iştirakdan qəti şəkildə imtina edir:
“Üzərimizdə ciddi təzyiqlər olsa da, biz müharibəyə cəlb olunmayacağıq. Bu, milli maraqlarımıza uyğun deyil.”
Tramp isə NATO-nun boğazın “təmizlənməsi” üçün kömək təklif etdiyini bildirib və bəzi ölkələrin, o cümlədən Böyük Britaniyanın mina təmizləyən gəmilər göndərəcəyini iddia edib.
Qeyd edək ki, dünya üzrə neft və mayeləşdirilmiş qaz daşımalarının təxminən beşdə biri Hörmüz boğazı-ndan keçir. Münaqişə başlayandan sonra neftin qiyməti kəskin artaraq 100 dollardan yuxarı qalxıb (əvvəllər təxminən 71 dollar idi).
Böyük Britaniya hökuməti isə vəziyyəti diqqətlə izlədiyini və növbəti həftələrdə baş verənlərdən asılı olaraq iqtisadi qərarlar verəcəyini bildirib.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
