İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Qətər: İran raketlərinə müdaxilə zamanı 4 nəfər yaralanıb

Qətərdə hava hücumundan müdafiə sistemlərinin İrandan atılan raketlərə müdaxiləsi zamanı qəlpələrin bir evin üzərinə düşməsi nəticəsində 4 nəfərin yaralandığı bildirilib.

Qətərin Daxili İşlər Nazirliyinin yazılı açıqlamasında İrandan ölkəyə doğru yeni raket hücumlarının həyata keçirildiyi qeyd olunub.

Açıqlamada bildirilir ki, bu raket hücumları hava müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib. Lakin raketlərə müdaxilə zamanı yaranan qəlpələr paytaxt Doha şəhərinin Mureyx (Mureyhk) bölgəsində bir vətəndaşın evinə düşüb.

Hadisə nəticəsində aralarında bir uşağın da olduğu 4 nəfər yaralanıb. Yaralılar tibbi briqadalar tərəfindən xəstəxanaya çatdırılıb və müalicə altına alınıb.

Açıqlamada hadisə yerində məhdud miqyasda ziyan yarandığı da qeyd olunub.

Rəsmilər bildiriblər ki, aidiyyəti qurumlar fövqəladə vəziyyət planlarına uyğun olaraq fəaliyyətlərini davam etdirir, vəziyyətin nəzarət altına alınması və ictimai təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür.

Nazirlik vətəndaşlara rəsmi göstərişlərə əməl etməyi, hadisə yerlərinə yaxınlaşmamağı və görüntü çəkməkdən çəkinməyi tövsiyə edib. Həmçinin təcili yardım və digər xüsusi nəqliyyat vasitələrinə yol verilməsinin vacibliyi vurğulanıb.

Şübhəli əşyalara yaxınlaşmamaq və belə halları dərhal 999 təcili yardım xəttinə bildirmək xahiş olunub.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az