İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Trampın təsviri olan 24 karatlıq qızıl xatirə sikkəsi federal komissiya tərəfindən təsdiqləndi

ABŞ-da Donald Trump-ın təsviri olan xatirə qızıl sikkəsi federal incəsənət komissiyası tərəfindən təsdiqlənib.

24 karatlıq bu qızıl sikkə ABŞ-ın 250 illiyini bu ilin 4 iyulunda qeyd etmək məqsədilə hazırlanıb və üzərində Trampın masaya yumruqlarını dayamış vəziyyətdə təsviri yer alır.

ABŞ Zərbxanasının təqdimatından sonra ABŞ Gözəl Sənətlər Komissiyası dizaynı yekdilliklə təsdiqləyib, baxmayaraq ki, onun qanuniliyinə dair suallar da səsləndirilib.

Federal qanunlara görə, yaşayan prezidentin ABŞ pul vahidlərində təsvir edilməsi icazəli deyil. Lakin bu sikkə Maliyyə naziri Scott Bessent-in səlahiyyət və qərarı əsasında zərb olunacaq xüsusi “proof” qızıl sikkə kimi buraxılır.

Gözlənilir ki, ABŞ Zərbxanası son ölçüləri hazırladıqdan sonra Bessent sikkənin zərb olunması barədə göstəriş verəcək.

Komissiyanın sədr müavini James McCrery deyib: “Təklif edirəm ki, bu sikkə təqdim olunduğu kimi təsdiqlənsin və güclü şəkildə tövsiyə edirəm ki, mümkün qədər böyük – hətta diametri üç düymə qədər olsun.”

Müqayisə üçün, ABŞ-ın 25 sentlik sikkəsinin diametri bir düymdən azdır. Tramp ötən il Gözəl Sənətlər Komissiyasının üzvlərini işdən çıxarıb və onların yerinə öz tərəfdarlarını təyin edib.

Nyu-Yorkdan olan demokrat konqresmen Ritchie Torres ötən il “Trump (The Restrict Ugly Money Portraits) Act” adlı qanun layihəsi təqdim etmişdi. Bu layihə prezidentlərin öz şəkillərini pul üzərində yerləşdirməsinin qarşısını almağı hədəfləyir, lakin qəbul olunmayıb.

İndiyədək yalnız Calvin Coolidge prezidentliyi dövründə sikkə üzərində təsvir olunan yeganə ABŞ prezidenti olub.

Mənbə: BBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az