İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Donald Trampın DHS rəhbərliyinə namizədi Markwayne Mullin Senatda çətin suallarla üzləşir

ABŞ Prezidenti Donald Tramp tərəfindən Daxili Təhlükəsizlik Nazirliyinə rəhbər təyin olunmaq üçün namizəd göstərilən senator Markwayne Mullin çərşənbə günü Konqres komitəsi qarşısında çıxış edəcək.

Oklahoma ştatından olan respublikaçı senator Vaşinqtonda, ABŞ Senatının Senatın Daxili Təhlükəsizlik və Hökumət İşləri Komitəsi qarşısında yerli vaxtla saat 09:30-da (GMT ilə 13:30) ifadə verəcək.

Tramp Mullinin bu ay vəzifədən uzaqlaşdırılan Daxili Təhlükəsizlik naziri Kristi Noem-i əvəz edəcəyini açıqlayıb. Noem Minnesota ştatında immiqrasiya əməliyyatlarını idarə etməsinə görə tənqid olunmuşdu.

Əgər komitə onun namizədliyini təsdiqləmək üçün səs versə, ayın sonuna doğru Senatın tam tərkibi məsələni səsə qoyacaq. Onun təsdiqlənməsi üçün sadə çoxluq — 51-49 səs kifayətdir. Mullin bu vəzifəyə gəlsə, maliyyə problemləri səbəbindən hava limanlarında təhlükəsizlik əməkdaşlarının çatışmazlığı və uzun növbələrin yarandığı bir dövrdə agentliyə rəhbərlik edəcək.

Qismən hökumət bağlanması demokratların federal agentlərin Trampın kütləvi deportasiya siyasətini necə həyata keçirməsi ilə bağlı islahat tələbləri səbəbindən baş verib. Buna görə Mullinin bu mövzuda çətin suallarla üzləşəcəyi gözlənilir.

Keçmiş qarışıq döyüş sənətləri (MMA) döyüşçüsü olan və sərt xarakteri ilə tanınan Mullin Senatda ilk dəfədir fəaliyyət göstərir, lakin bundan əvvəl 10 il ABŞ Nümayəndələr Palatasında çalışıb. O, xüsusi seçkidə qalib gəldikdən sonra Senata keçib.

Mullin paytaxta gəldiyi gündən etibarən Trampı və onun siyasətlərini dəstəkləyib və Daxili Təhlükəsizlik Nazirliyinin sənədsiz immiqrantların saxlanılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. Bu siyasət Tramp administrasiyasının əsas istiqamətlərindən biri olub və onun seçki kampaniyasının mərkəzi vədlərindən sayılırdı.

Martın 5-də namizəd göstərildikdən sonra Mullin bildirib ki, “hər gün bizi qoruyan minlərlə vətənpərvərlə birlikdə” Trampın missiyasını həyata keçirməyi səbirsizliklə gözləyir.

O, X (keçmiş Twitter) platformasında yazıb: “Prezident Tramp qanun və nizam-intizamı bərpa etmək şüarı ilə seçkiyə qatıldı və qısa müddətdə ABŞ tarixində ən təhlükəsiz sərhədi təmin etdi. Mən @POTUS-un Amerika xalqını qorumaq və vətəni müdafiə etmək missiyasını dəstəkləməyi səbirsizliklə gözləyirəm.”

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi 2002-ci ildə, 11 sentyabr terror hücumları-ndan sonra yaradılıb.

Nazirliyə bir neçə qurum daxildir: Gömrük və Sərhəd Mühafizəsi (CBP), İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE), Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (TSA), Sahil Mühafizəsi (USCG), Məxfi Xidmət (USSS) və Federal Fövqəladə Halların İdarəedilməsi Agentliyi (FEMA).

Son aylarda nazirlik artan tənqidlərə məruz qalıb. Xüsusilə Minnesota ştatında etirazlar zamanı federal immiqrasiya əməkdaşları tərəfindən iki ABŞ vətəndaşı — Renee Good və Alex Pretti öldürüldükdən sonra bu tənqidlər güclənib.

Noem və CBP rəhbəri Greg Bovino (o, bazar ertəsi istefaya getdiyini açıqlayıb) həmin şəxsləri vurulduqları dərhal sonra “daxili terrorçular” adlandırmışdılar.

Tramp Noemi Minnesota ştatında həyata keçirilən “Operation Metro Surge” əməliyyatına rəhbərlik edərkən vəzifədən uzaqlaşdırdı və onun yerinə sərhəd üzrə məsul şəxs Tom Homanı təyin etdi. Homan qısa müddətdə həmin əməliyyatı dayandırdı.

Bundan bir neçə həftə sonra Noem Konqresdə gərgin dinləmələrdə iştirak etdi.

Qısa müddət sonra isə Tramp onun işdən çıxarıldığını və “Qərb yarımkürəsində yeni təhlükəsizlik təşəbbüsü” kimi təqdim edilən “Amerikaların Qalxanı” layihəsi üzrə xüsusi elçi vəzifəsinə təyin olunduğunu elan etdi.

Mənbə: BBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az