İsmayıl Ömər oğlu Vəliyev – Yazıçı-publisist, filologiya elmləri doktoru, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr şöbəsinin baş elmi işçisi, qəzetçi- yazar
İsmayıl Ömər oğlu Vəliyev 1951-ci il martın 18-də Ermənistan SSR – nin Allahverdi rayonunun Böyük Ayrım kəndində anadan olmuşdur. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitenin jurnalistika fakültəsinin əyani şöbəsində təhsil almışdır. 1971-ci ildən Azərbaycan Radio və Televiziyası ilə əməkdaşlıq etmiş, on ilə yaxın “Bulaq” folklor verlişinin daimi müəlliflərindən biri olmuşdur. Onun hazırladığı verlişlərin bir çoxu radionun “Qızıl fond”unda saxlanılmaqdadır. Bundan əlavə, “Zəka” radio elmi proqramının uzun illər ssenari müəllifi və aparıcısı olmuşdur. Televiziyanın vaxtilə populyar olan “İdrak” proqramı da İ.Vəliyevin ideyası əsasında yaradılmış və uzun müddət onun müəllifliyi və aparıcılığı ilə “Ata yurdu” verlişi uzun müddət efirə getmişdir.İsmayıl Vəliyev bədii yaradıcılığa 1965-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc etdirdiyi kiçik sənədli hekayə ilə başlamışdır. O vaxtdan uşaqlar üçün şer və hekayələr yazmış, “Pioner” jurnalında və başqa mətbuat orqanlarında da xeyli nağıl və hekayələri dərc olunmuşdur.
Onun uşaq hekayələri beynəlxalq təşkilatların mükafat və qrantlarına layiq görülmüşdür. İ.Vəliyev publisistika və tərcümə işi ilə ardıcıl məşğul olur. Qədim şumerlərin məşhur “Bilqamış dastanı”nı, “Avesta”dan parçaları, Qədim Misir ədəbiyyatı nümunələrini, türk, rus, bolqar, litva, ukrayna, türkmən və başqa dillərdən bir sıra elmi və bədii əsərləri tərcümə etmişdir.
Əsərləri: “Ömrün yaşıl yarpaqları” (1978), “Ədəbi portret və xarakter” (1981), “Mənim odum, ocağım (şeirlər və poemalar)” (1983), “Literaturnıy portret: eqo funksiya itipoloqiya” (1986), “Bəxtimə düşən dünya” (1990), “Dünya susur, tarix susmur” (1994), “Azərbaycanın siyasi partiyaları və ictimai təşkilatları” (1995), “Qaçqınlıq” (1996), “Qızılqaz əfsanəsi” (1996), “Pişik balasının oyunları”(1996), “Sarı buğda” (1996), “Zalım pələng və nəğməli quş” (1996), “Zalım padşahla oğlu” (1996), “Qara gündəlik. 1990-cı il yanvar hadisələri” (1997), “Azərbaycan soraq kitabı” (1997), “Burulğanlar içində” (1997), “İnsan: həyatda və sənətdə”(1998), “Yerlə göyün arasında (şeirlər)” (1998),“Ədəbiyyatda insan konsepsiyası. Tarixi təşəkkülü, inkişaf mərhələləri (monoqrafiya)” (1999), “Payız yagışları (seçmə şeirlər)” ( 2001), “Sevgi dünyam (şeirlər)” (2001), “Günəşin rəngləri (şeirlər)” (2001), “Ədəbi-bədii və uşaq kitablarının redaktəsi (ali məktəb tələbələri üçün dərslik)” (2002), “Redaktənin əsasları (ali məktəb tələbələri üçün dərslik)” (2002), “Redaksiya nəşriyyat işinin əsasları (jurnalistlər, nəşriyyat redaktorları və kitabşünaslar üçün vəsait)” (2004), “Redaktənin əsasları. Mətnin redaktor təhlili (mühazirə mətnləri)” (2003), “Heydər Əliyev və türk dünyası” (2003), “Bədii söz və insan”, “Bir ömürlük məhəbbət”, “Kitab palatası”, “Parfiya”, və s.
Gundelik.az
