İyul 8, 2026
Baku
Müsahibə Xəbərlər

Kardioloqdan açıqlama:Ürək xəstəlikləri, süni intellekt və sağlam həyat

Son illərdə gənc yaşlarda ürək-damar xəstəlikləri ilə xəstəxanalara müraciət edənlərin sayı artmaqdadır. Xüsusilə 30–40 yaş arası şəxslərdə bu problemlərin daha tez-tez müşahidə olunması mütəxəssisləri narahat edir. Həkim- mütəxəssis kardioloq Emil Hasilov bildirir ki, pandemiyanın yaratdığı stress, az hərəkətli həyat tərzi, zərərli vərdişlər və energetik içkilərin həddindən artıq istifadəsi gənclərdə ürək xəstəliklərinin artmasına səbəb olan əsas amillərdir.

Ürək-damar xəstəklərinin gəncləşməsi nədən qaynaqlanır?

-Son zamanlar gənc yaşlarda (30-40 yaş arası) ürək-damar xəstəliyi ilə müraciət edən, təcili tibbi yardım briqadası ilə gətirilən xəstələrin sayında artım müşahidə olunur. Bunun səbəbi Covid-19 pamdemiyası, pandemiya dövründə stressin artması, bu xəstəliyin vurduğu fəsadlar, gənclərdə zərərli vərdişlərə meylin artması, energetik içkilərin gündəlik həddindən artıq istifadəsi, fiziki idmanla məşğul olmamaq, sosial faktorlar və ən əsası da texnologiyanın inkişafı ilə əlaqədar fiziki aktivliyin əhali arasında ümumi azalmasıdır. Təəssüf ki, virtual aləmdə gənclər daha çox vaxt keçirir, nəinki real həyatda. Bütün bu faktorlar və sosial amillərin də böyük təsiri nəticəsində ürək xəstəlikləri artmaqda davam edir. Təsəvvür edin ki, artıq 20-30 yaşlı piylənmə, şəkərli diabet və arterial hipertenziyalı onlarla gənc müraciət edir. Əksəriyyəti də yazılan müalicə və tövsiyələrə əməl etmirlər. Gənclərdə xolesterin mübadiləsinin pozulması, piylənmə, az hərəkətli həyat tərzi, şəkərli diabet və arterial hipertenziya artıq miokard infarktı, ürək çatışmazlığı, ürək-damar və beyin hadisələrinə (beyin qanaması və ya işemik insult) bağlı ölümün artmasına gətirib çıxarır. Gənc pasiyentlərə tövsiyəm budur ki, çəkinizi azaldın, təzyiqinizi arabir ölçdürün, bu problemlər varsa həkimə müraciət edin ki, sonra gec olmasın.

Süni intellekt və texnologiya diaqnostikada necə rol oynayır?

-Hazırda süni intellekt və texnologiya kardioloji xəstəliklərin diaqnostikasında mühüm rol oynayır. Süni intellektin inkişafı kardioloji diaqnostikada istifadə etdiyimiz cihazlarda (EKQ, ExoKQ, Holter, koronar angioqrafiya, komputer tomoqrafik koronar angioqrafiya və s.) yeni proqramlarla müalicə taktikamızın seçilməsinə ciddi dəstək olur. Süni intellekt sadəcə həkimlərin və mütəxəssislərin istifadə etdiyi zaman faydalıdır. Bəzən insanlar Chat GPT və sair proqramlardan yazaraq diaqnoz və ya müalicə almağa çalışırlar. Bu, təbii ki, təhlükəli ola bilər. Çünki o proqramlar sadəcə müəyyən bilgiləri toplayaraq ortalama bir informasiya verir, bu da təbii ki, həkim nəzarəti olmadan pasiyentlərə zərər vura bilər.

Sağlam qalmaq üçün Gündəlik.az saytının oxucularına ən əsas 3 tövsiyəniz nə ola bilər?

-Sağlam qalmaq üçün:

1.Fiziki aktivliyinizi artırın, hər gün yeyin addımlarla çoxlu gəzin.

2.Zərərli vərdişlərdən(siqaret, enerji içkiləri, həddən ziyadə alkoqol) uzaq olun.

3.Hər hansı bir şikayətiniz yaranarsa vaxtında həkimə müraciət edin, hətta ailəsində ürək-damar xəstəliyi olanlar profilaktik müayinə olunsunlar ki, gələcəyimiz sağlam olsun. Hər birinizə sağlamlıq arzulayıram.

Suallarımıza aydınlıq gətirdiyi üçün həkim-mütəxəssis kardioloq Emil Hasilova təşəkkürümüzü bildiririk.

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az