Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen müasir nüvə enerjisi texnologiyalarını maliyyələşdirmək üçün özəl investorları cəlb etmək məqsədilə 200 milyon avroluq zəmanət fondunun yaradılacağını elan edib.
Gundelik.az xəbər verir ki, o, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) dəstəyi ilə Parisdə təşkil edilən nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə konfransda çıxış edərkən qeyd edib.
“İnnovativ nüvə texnologiyalarına özəl investisiyaları dəstəkləmək üçün 200 milyon avroluq zəmanət fondu yaradırıq. Resurslar emissiya ticarət sistemimizdən gələcək”,- deyə o qeyd edib.
AK rəhbəri həmçinin kiçik modul reaktorlar üçün yeni Avropa strategiyasını elan edərək bildirib ki, illərdir azalan investisiyalardan sonra vəziyyəti dəyişdirmək üçün əlavə investisiyalara ehtiyac var. Onun sözlərinə görə, strategiyanın məqsədi bu texnologiyanın 2030-cu illərin əvvəllərinə qədər Avropada istifadəyə verilməsidir.
