G7 ölkələri ABŞ və İsrailin İranla müharibəsinin neft qiymətlərinin kəskin artmasına səbəb olmasından sonra qlobal enerji təchizatını dəstəkləmək üçün “lazımi tədbirlər” görməyə hazır olduqlarını bildiriblər.
Lakin G7 maliyyə nazirləri və Beynəlxalq Enerji Agentliyinin (IEA) görüşü strateji neft ehtiyatlarının buraxılması ilə bağlı razılaşma olmadan başa çatıb.
Neftin qiyməti bazar ertəsi tədarükün uzunmüddətli pozulacağı qorxusu ilə bir barel üçün təxminən 120 dollara qədər yüksəldi. Daha sonra isə Prezident Tramp müharibənin tezliklə başa çata biləcəyinə ümid yaratdıqdan sonra qiymətlər kəskin şəkildə gerilədi.
Virtual görüş zamanı ehtiyatlardan neft buraxılması variantı müzakirə olunan məsələlərdən biri olub. IEA-nın rəhbəri Fatih Birol bildirib ki, qlobal neft bazarlarında son günlər vəziyyət pisləşib.
Birol deyib:
“Fars körfəzində yerləşən Hörmüz boğazından keçid problemləri ilə yanaşı, neft hasilatının da əhəmiyyətli hissəsi dayandırılıb. Bu isə bazar üçün ciddi və getdikcə artan risklər yaradır.”
Onun sözlərinə görə, IEA üzv ölkələrinin hazırda 1,2 milyard bareldən çox dövlət fövqəladə neft ehtiyatı var. Bundan əlavə, hökumət öhdəliyi ilə saxlanılan 600 milyon barel sənaye ehtiyatı mövcuddur.
Görüşdən sonra Fransanın maliyyə naziri Roland Lescure strateji ehtiyatların buraxılması məsələsinə münasibət bildirərək “hələ o mərhələdə deyilik” deyib.
Əgər ehtiyatlar buraxılarsa, bu, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra 2022-ci ildən bəri ilk belə addım olacaq.
Görüşdən sonra yayılan bəyanatda G7 bildirib:
“Biz qlobal enerji təchizatını dəstəkləmək üçün, o cümlədən ehtiyatların buraxılması kimi lazımi tədbirləri görməyə hazırıq.”
Böyük Britaniyanın maliyyə naziri Rachel Reeves isə bildirib ki, ölkəsi görüşdə Yaxın Şərqdə “dərhal gərginliyin azaldılmasına” və bölgədə gəmilərin təhlükəsizliyinin təmin edilməsinə çağırış edib.
O əlavə edib: “IEA-nın kollektiv neft ehtiyatlarının koordinasiyalı şəkildə buraxılmasını dəstəkləməyə hazıram.”
Regiondan enerji təchizatında ciddi pozuntular baş verərsə, bu, dünya üzrə istehlakçılar və biznes üçün qiymətlərin artmasına səbəb ola bilər. İnflyasiyanın artması isə mərkəzi bankların faiz dərəcələrini azaltmasını çətinləşdirə bilər.
Adətən dünya neftinin təxminən beşdə biri Hörmüz boğazından daşınır. Lakin müharibə başladıqdan sonra bu dar keçiddən keçən gəmi trafiki demək olar ki, dayanıb.
ABŞ və İsrail həftəsonu İran ərazisində yeni hava zərbələri endirib, o cümlədən neft anbarları da daxil olmaqla bir neçə hədəfi vurub.
Bu arada İran da qonşu Körfəz ölkələrində enerji infrastrukturunu hədəfə alıb. Səudiyyə Ərəbistanı gecə saatlarında böyük bir neft yatağına doğru yönələn iki dalğa dronu məhv etdiyini açıqlayıb.
Keçən həftə bazarlar milyonlarla barel neft və mayeləşdirilmiş qazın Körfəzdə ilişib qalacağı ehtimalına baxmayaraq nisbətən sakit idi.
Lakin həftəsonu baş verən eskalasiya və həm İranda, həm də Körfəz ölkələrində enerji infrastrukturunun dağıdılması görüntüləri bazarların kəskin reaksiya verməsinə səbəb olub.
Bazar ertəsi Asiyada Brent markalı neftin qiyməti bir ara 25%-dən çox artaraq barel üçün 119,50 dollara çatdı. Daha sonra Tramp CBS-ə verdiyi müsahibədə “müharibə demək olar ki, başa çatıb” dedikdən sonra qiymət 90 dolların altına düşdü.
ABŞ prezidenti daha əvvəl neft qiymətlərinin artması ilə bağlı narahatlıqları rədd etmişdi.
O, bazar günü Truth Social platformasında yazıb:
“İranın nüvə təhlükəsinin aradan qaldırılması bitəndə qısa müddətli neft qiymətləri sürətlə düşəcək. Bu isə ABŞ və dünya üçün təhlükəsizlik və sülh naminə çox kiçik bir qiymətdir. Yalnız axmaqlar fərqli düşünər.”
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
