Çərşənbə günü milyonlarla insan Kubada elektrik enerjisiz qaldı – bu, ABŞ-ın təzyiqləri ilə daha da ağırlaşan yanacaq çatışmazlığı fonunda adada baş verən silsilə elektrik kəsintilərinin növbətisidir.
Rəsmilərin “gözlənilməz” adlandırdığı ölkənin əsas elektrik stansiyalarından birində baş verən dayanma nəticəsində adanın üçdə ikisi qaranlığa qərq oldu.
Kubanın milli elektrik şirkəti UNE bildirib ki, kəsinti mərkəzi Kamaguey əyalətindən qərbdəki Pinar del Rioya qədər uzanan geniş ərazini, o cümlədən paytaxt Havana şəhərini əhatə edib.
Kuba son illərdə elektrik kəsintilərinin dalğası ilə üzləşib və xroniki yanacaq çatışmazlığı yanvar ayından etibarən əsas müttəfiqi Venesueladan neft tədarükünə tətbiq olunan ABŞ blokadası ilə daha da pisləşib.
Kommunist ölkə həmçinin aviasiya yanacağı qıtlığı yaşayır ki, bu da bir neçə aviaşirkətin ölkəyə uçuşları dayandırmasına və beynəlxalq turizmin məhdudlaşmasına səbəb olub. Air France çərşənbə günü bu addımı atan son daşıyıcı olub.
Hakimiyyət orqanlarının bildirdiyinə görə, çərşənbə günkü kəsintiyə Havanadan təxminən 100 km şərqdə yerləşən Antonio Guiteras istilik-elektrik stansiyasında baş verən nasazlıq səbəb olub.
Milli elektrik şirkəti xidmətlərin bərpası istiqamətində işlərin davam etdiyini bildirib.
Bu kəsinti son üç ayda Kubanın qərb bölgəsinə təsir edən ikinci hadisədir.
Köhnəlmiş infrastruktur yanacaq çatışmazlığı ilə birləşərək ictimai nəqliyyat və tullantıların yığılması kimi sahələrdə ciddi problemlərə səbəb olan böhran yaradıb.
Elektrik enerjisi istehsalı üçün idxal olunan yanacaqdan çox asılı olan Kuba, regiondakı müttəfiqlərinin – o cümlədən solçu Venesuela hökumətinin – köməyi sayəsində Qərb sanksiyalarına qismən tab gətirə bilib.
Bildirilir ki, Venesuela keçmiş prezident Nikolas Maduronun yanvarın əvvəlində ABŞ qüvvələri tərəfindən saxlanılmasından əvvəl Kubaya gündə təxminən 35 min barel neft göndərirdi ki, bu da adanın neft ehtiyacının yarısını təmin edirdi.
O vaxtdan bəri ABŞ Kubaya yönəlmiş bir neçə neft göndərişini müsadirə edib.
Gündə 18 saata qədər davam edən elektrik kəsintiləri xəstəxanaların təcili yardım şöbələrinə, dializ xəstələrinə və su nasos stansiyalarına təsir göstərib.
ABŞ və Kuba arasında münasibətlər 1959-cu ildə kommunist lider Fidel Kastronun ABŞ-ın dəstəklədiyi hökuməti devirməsindən bəri gərgindir. ABŞ-ın Kubaya qarşı iqtisadi və ticarət embarqoları 1960-cı ildən qüvvədədir.
ABŞ prezidenti Donald Tramp Kubada rəhbərliyin dəyişdirilməsi istəyini gizlətməyib və Karib ölkəsinə neft verən hər hansı ölkədən ABŞ-a idxal olunan mallara tariflər tətbiq etməklə hədələyib.
Air France yanacaq çatışmazlığını əsas gətirərək mart ayının sonundan iyunun ortalarına qədər Havanaya uçuşları dayandıracağını bildirib.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
