İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: “Biz sülhün tərəfdarıyıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib:

“Biz sülhün tərəfdarıyıq. Qan axmasın, göz yaşları dinsin, bölgəmiz artıq illərdir həsrətini çəkdiyi davamlı sabitliyə qovuşsun istəyirik.”

Prezident Ərdoğan AK Parti Konqres Mərkəzində keçirilən “AK Parti Baş Qərargah 2026 İftar Görüşü”ndə iştirak edib.

O qeyd edib ki, AK Parti olaraq mənəvi duyğuların zirvəyə çatdığı, sevgi, yardımlaşma və həmrəyliyin daha da gücləndiyi Ramazan ayını ən gözəl şəkildə yaşamağa çalışırlar. Baş Qərargah strukturları, millət vəkilləri, qadın və gənclər qolları, eləcə də yerli idarəetmə orqanlarının tam heyətlə sahədə olduğunu bildirib.

Ərdoğan vurğulayıb ki, ölkə daxilində vətəndaşlarla iftar və sahurun bərəkətini bölüşdükləri kimi, xaricdə yaşayan soydaşları da diqqətdən kənarda qoymurlar.

O deyib:

“Hələbdən Sarayevoya, Varnadan Prizrenə qədər qəlbimizin bir döyündüyü hər yerdə Ramazan sevincini birlikdə yaşayırıq. Ankara təşkilatımız şəhərin hər məhəlləsinə, hər evinə çatmağa çalışır. ‘Könüldən Könülə’ layihəsi ilə ötən Ramazanda 150 min ailəyə və 500 min vətəndaşa çatan təşkilatımızın fəaliyyəti təqdirəlayiqdir. Ramazanın ilk 10 günündə 75 minə yaxın ailəyə və 300 minə yaxın vətəndaşa çatmağınızdan məmnun oldum.”

“Daha çox qəlbə toxunmağa davam edəcəyik”

Ərdoğan bildirib ki, vətəndaşlarla birlikdə olmaq, onların dərdinə şərik olmaq əsas missiyalarıdır.

“Əgər yaraları sağalda biliriksə, dərdlərə dərman ola biliriksə, problemlərə həll tapa biliriksə və millətimizin duasını qazana biliriksə, deməli vəzifəmizi layiqincə yerinə yetiririk. Biz 23 ildir bunu edirik və eyni xətt üzrə davam edəcəyik.”

O əlavə edib ki, 86 milyon vətəndaşın əmanətini və yüz milyonlarla məzlumun ümidini daşıyan bir komanda olaraq dayanmaq, arxayınlaşmaq kimi bir lüksləri yoxdur. Tempini artırmağa, daha çox insanın qəlbinə toxunmağa davam edəcəklərini vurğulayıb.

“Rusiya–Ukrayna müharibəsində sülh yolu hələ açılmayıb”

Ərdoğan bildirib ki, Türkiyə həm strateji, həm də çətin bir bölgədə yerləşir və beynəlxalq gündəmdə olan problemlərin böyük əksəriyyəti məhz bu coğrafiyada baş verir.

O, Fələstin məsələsinin 80 ildir davam edən açıq yara olduğunu deyib və Qəzzada 72 mindən çox insanın həlak olduğunu xatırladıb. Sudan, Livan və Suriyada da vəziyyətin ağır olduğunu vurğulayıb.

Ərdoğan qeyd edib ki, ötən həftə 5-ci ilinə qədəm qoyan Rusiya-Ukrayna müharibəsi ilə bağlı aparılan bütün diplomatik səylərə baxmayaraq, sülhə aparan yol hələ də açılmayıb.

O əlavə edib ki, Şərqi Aralıq dənizindən Qara dənizə və Bəsrə körfəzinə qədər uzanan geniş region gərginlik və böhranlarla üz-üzədir.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az