İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İran rejimi hələ də ayaqdadır

İranın Ali rəhbəri Əli Xamenei-nin ABŞ və İsrailin birgə zərbələrinin ilk dalğasında öldürülməsi İslam Respublikasını 1979-cu ildən bəri ən həssas və təhlükəli mərhələsinə gətirib çıxarıb.

Vaşinqtonun “komanda strukturunu iflic etmək üçün qəti addım” kimi təqdim etdiyi əməliyyat ölkənin yüksək rütbəli hərbi və siyasi rəhbərliyini hədəf alıb.

Şənbə gecəsinə qədər Xameneinin ölümü ilə bağlı xəbərlər geniş şəkildə yayılmağa başladı və bu, bir neçə gün əvvəl təsəvvür edilməsi çətin olan mənzərələr yaratdı.

Videolarda İranın böyük şəhərlərində insanların kiçik qruplar halında bayram etdiyi görünürdü. Oxşar səhnələr xaricdə yaşayan iranlı diaspor nümayəndələri arasında da müşahidə olundu. Bir çoxları üçün ali rəhbərin aradan götürülməsi tarixi bir dönüş nöqtəsi – illərlə davam edən vətəndaş müqavimətinin təkbaşına nail ola bilmədiyi bir fürsət kimi görünürdü.

ABŞ prezidenti Donald Trump və İsrailin baş naziri Benjamin Netanyahu zərbələrdən sonra verdikləri açıqlamalarda birbaşa ifadələr işlədiblər. Tramp iranlıları “hökumətinizi ələ keçirmək” üçün fürsətdən istifadə etməyə çağırıb. Netanyahu isə rejim dəyişikliyinin həm arzuolunan, həm də mümkün olduğunu bildirib.

ABŞ-ın “Operation Epic Fury” adlandırdığı əməliyyatın hərbi mərhələsi koordinasiyalı və əsasən ABŞ-ın nəzarəti altında görünsə də, İran ictimaiyyətinə edilən siyasi çağırışların nəticəsi daha qeyri-müəyyəndir.

Bazar günü səhər İran dövlət televiziyası Xameneinin ölümünü rəsmi şəkildə təsdiqlədi və dərhal üç nəfərdən ibarət müvəqqəti şuranın yaradıldığını elan etdi. İran konstitusiyasına görə, yeni ali rəhbərin seçilməsi 88 üzvdən ibarət və səkkiz illik müddətə seçilən Rəhbərlər Məclisinin səlahiyyətinə daxildir.

Lakin seçki prosesində mühüm məhdudiyyət var.

Rəhbərlər Məclisinə namizədlərin hamısı əvvəlcə Nəzarət Şurası tərəfindən yoxlanılmalı və təsdiqlənməlidir. 12 üzvdən ibarət bu qurumun altı üzvünü birbaşa ali rəhbər təyin edir, digər altı üzv isə məhkəmə hakimiyyətinin təqdimatı və parlamentin təsdiqi ilə seçilir. Məhkəmə hakimiyyətinin rəhbəri də ali rəhbər tərəfindən təyin olunur.

Beləliklə, Xamenei öz varisini seçəcək institut üzərində əhəmiyyətli təsirə malik olub.

Rejim davamlılıq və sabitlik görüntüsü yaratmaq üçün sürətlə hərəkət edib. Konstitusion mexanizmlərə istinad və müvəqqəti idarəetmənin işə salınması ilə hakimiyyət sistemi ali fiqurun itirilməsinə baxmayaraq, strukturun qorunduğunu göstərməyə çalışır.

Mümkün varislərlə bağlı fərziyyələr artıq başlayıb. İranda adətən namizədlər əvvəlcədən açıq şəkildə elan olunmur və proses qapalı şəkildə keçirilir. Rəhbərlər Məclisi daxilində adların nəzərdən keçirilməsi və siyahının qısaldılması ilə məşğul olan kiçik bir komitənin olduğu bildirilir.

Son illərdə Xameneinin böyük oğlu Müctəbanın namizədlər arasında ola biləcəyi barədə söz-söhbətlər yayılmışdı. Lakin atasının ən etibarlı komandanlarından bəzilərinin son zərbələrdə həlak olduğu bildirilir və bu, daxili güc balansını dəyişə bilər.

1989-cu ilin iyununda Xameneinin özü geniş şəkildə favorit sayılmasa da ali rəhbər seçilmişdi – bu da prosesin gözlənilməz nəticələr verə biləcəyini göstərir.

Seçim prosesi sürətlə başa çata və bir neçə gün ərzində yekunlaşa bilər. Lakin hərbi baxımdan İslam Respublikası ağır zərbə alıb.

Məlumatlara görə, ilkin hücumlarda bir neçə yüksək rütbəli komandan öldürülüb. Sağ qalan rəsmilər isə hava əməliyyatları davam etdikcə hədəf altında qalırlar.

Zəiflik hissi açıq şəkildə hiss olunur – komanda mərkəzləri zədələnib, rəhbərlik “başsız” qalıb və qərarvermə fövqəladə rejimdə həyata keçirilir.

Buna baxmayaraq, İran cavab vermək qabiliyyətini nümayiş etdirib.

Zərbələrin ilk iki günü ərzində İran qüvvələri bir neçə ərəb ölkəsindəki ABŞ bazalarına və İsraildəki hədəflərə hücum edib.

İlk dəfə olaraq raketlər Dubayda hərbi olmayan obyektlərə və Küveytdə mülki hava limanına düşüb – bu isə münaqişənin coğrafiyasını xeyli genişləndirib.

Bu eskalasiya göstərir ki, rəhbərlik itkilərinə baxmayaraq, İran hələ də əməliyyat imkanlarını və onlardan istifadə etmək iradəsini qoruyub saxlayır.

Mənbə: BBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az