İyul 8, 2026
Baku
Müsahibə Xəbərlər

“Zəfər an deyil, prosesdir” – Elmar Hüseyn

Zəfər yalnız qazanılan torpaq deyil, həm də yenilənən düşüncə, formalaşan yeni hərbi fəlsəfə və gələcəyə yönəlmiş strateji baxışdır. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun təkcə döyüş meydanındakı gücünü deyil, eyni zamanda müasir müharibə anlayışına nə dərəcədə hazır olduğunu da bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə ilə birlikdə ordu quruculuğu yeni mərhələyə qədəm qoydu, texnologiya, peşəkarlıq və beynəlxalq hərbi inteqrasiya anlayışları daha dərin məzmun qazandı.

Müharibədən sonrakı dövrdə aparılan islahatlar, pilotsuz uçuş aparatlarının tətbiqi, yüksək dəqiqlikli silah sistemləri, eləcə də beynəlxalq hərbi təlimlərdə fəal iştirak Azərbaycan Ordusunun regional təhlükəsizlikdə artan rolunu şərtləndirən əsas amillər sırasındadır. Bu proseslər yalnız taktiki üstünlüklər deyil, eyni zamanda milli təhlükəsizlik strategiyasının fəlsəfi əsaslarını da formalaşdırır.

Gundelik.az olaraq ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseyn ilə apardığımız bu müsahibədə Zəfərdən sonrakı ordu islahatları, müasir müharibələrdə texnologiyanın rolu və beynəlxalq hərbi təlimlərin döyüş hazırlığına təsiri analitik və strateji prizmadan dəyərləndirilir. Müsahibə Azərbaycan Ordusunun bu gününü və sabahını anlamaq baxımından mühüm fikir və yanaşmalarla zəngindir.

Zəfərdən sonra Azərbaycan Ordusunda aparılan islahatları necə qiymətləndirirsiniz? Bu islahatlar hansı sahələrdə daha qabarıq görünür?

44 günlük Vətən müharibəsindən sonra baş verən regional və qlobal hərbi proseslər fonunda Azərbaycan Ordusunun tətbiq etdiyi müasir döyüş üsulları, xüsusilə pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə və dərinlikdə aparılan əməliyyatlar bir çox ölkələrin hərbi doktrinalarına ciddi təsir göstərmişdir. Bu gün dünyada müşahidə olunan lokal və genişmiqyaslı hərbi toqquşmalarda həmin təcrübənin izlərini açıq şəkildə görmək mümkündür.

Azərbaycan Ordusunda həyata keçirilən islahatların əsas istiqamətlərindən biri yüksək texnoloji silah sistemlərinin tətbiqi və bu sistemlərin əməliyyat mühitinə effektiv inteqrasiyasıdır. Bu yanaşma ordumuzun dünya hərbi standartlarına daha da yaxınlaşmasını təmin etməklə yanaşı, regional miqyasda hərbi bilik və təcrübə mübadiləsinin artmasına da şərait yaradır. Eyni zamanda, yaxın perspektivdə ən müasir hava hücumundan müdafiə sistemlərinin və uzaqmənzilli raket komplekslərinin tədarükü ilə bağlı layihələrin icrası Azərbaycan Ordusunun strateji imkanlarını daha da genişləndirəcəkdir.

Müasir müharibələrdə texnologiyanın rolu sürətlə artır. Azərbaycan Ordusunun PUA-lardan və yüksək texnologiyalı silah sistemlərindən istifadəsi hansı üstünlükləri təmin etdi?

44 günlük Vətən müharibəsi göstərdi ki, düzgün planlaşdırma, peşəkar kadr hazırlığı və müasir texnologiyaların vəhdəti daha az canlı qüvvə itkisi ilə həlledici nəticələr əldə etməyə imkan verir. Xüsusi təlim keçmiş komanda birliklərinin formalaşdırılması və bu birliklərə könüllü gənclərin cəlb edilməsi ordunun həm peşəkarlıq, həm də vətənpərvərlik ruhunu gücləndirdi.

Bu birliklər yüksək səviyyədə təchiz olunaraq pilotsuz uçuş aparatları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərmək üçün hazırlanmış, meşəlik ərazilərdə, mürəkkəb relyefdə, şəhər tipli yaşayış məntəqələrində və sərt iqlim şəraitində döyüş tapşırıqlarını yerinə yetirmək üçün xüsusi təlimlərə cəlb olunmuşdur. Bundan əlavə, müharibə dövründə və sonrasında keçirilən beynəlxalq hərbi təlimlər ordumuzun operativ çevikliyini və adaptasiya qabiliyyətini əhəmiyyətli dərəcədə artırmışdır.

Ölkə rəhbərliyinin Türk Dövlətləri Təşkilatının hərbi təlimlərinin 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə bağlı verdiyi tapşırıqlar, eləcə də “Sülh qalxanı” kimi beynəlxalq təlimlərin genişlənməsi Azərbaycan Ordusunun regional təhlükəsizlik arxitekturasında mühüm rol oynadığını təsdiqləyir. Müharibədən sonra PUA bölmələrinin ayrıca struktur kimi formalaşdırılması isə daha dəqiq, çevik və strateji hədəflərə yönəlmiş ordu modelinin qurulduğunu göstərir.

Azərbaycan Ordusunun beynəlxalq hərbi təlimlərdə iştirakı onun döyüş hazırlığına nə kimi töhfələr verir?

Beynəlxalq hərbi təlimlər Azərbaycan Ordusunun döyüş hazırlığının çoxşaxəli inkişafında mühüm rol oynayır. Hər bir ölkənin ordusu özünəməxsus mental dəyərlərə, hərbi ənənələrə və hazırlıq sisteminə malikdir. Bu fərqli yanaşmaların qarşılıqlı mübadiləsi ordumuzun taktiki düşüncə tərzini zənginləşdirir və real döyüş şəraitinə uyğunlaşma imkanlarını genişləndirir.

Rusiya–Ukrayna müharibəsi, İsrail–İran arasında yaşanan hərbi gərginliklər, eləcə də Pakistan–Hindistan qarşıdurması göstərir ki, müasir müharibələr daim dəyişən və təkmilləşən xarakter daşıyır. Azərbaycan Ordusu bu münaqişələrdən çıxarılan dərsləri beynəlxalq təlimlər zamanı tətbiq etməyə və inkişaf etdirməyə çalışır. Nəticədə yeni struktur, müasir tədris bazası və daha çətin əməliyyat şəraitlərini əhatə edən təlim modelləri formalaşdırılır.

Bütün bunlar Azərbaycan Ordusunun yalnız bugünkü təhlükəsizlik çağırışlarına deyil, gələcək risklərə qarşı da hazırlıqlı, çevik və strateji baxımdan güclü bir orduya çevrildiyini nümayiş etdirir.

Zümrüd Əsədova
Gundelik.az