Hamımız bilirik ki, sevdiyimiz playlist-ə qulaq asmaq pis bir günü yaxşıya çevirə bilər. Amma yeni elmi araşdırma göstərir ki, musiqinin faydası sadəcə müvəqqəti əhval yaxşılaşması ilə məhdudlaşmır. Bu ay PLOS Mental Health jurnalında dərc olunan maraqlı bir tədqiqat göstərib ki, musiqini Auditory Beat Stimulation (ABS) adlı üsulla birləşdirmək narahatlıq səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər — hətta artıq yüksək anksiyete üçün dərman qəbul edən insanlarda belə.
Ənənəvi müalicələrdən istifadə etsə də tam rahatlıq tapa bilməyən insanlar üçün bu, psixi sağlamlıq sahəsində ümidverici və aşağı xərcli gələcəyə işarədir.
Tədqiqat randomizə edilmiş klinik sınaq olub və 144 iştirakçını əhatə edib. Bu şəxslərin hamısı dərman vasitəsilə yüksək narahatlıq vəziyyətini idarə edirdilər. Alimlər isə səsin köməyi ilə vəziyyəti daha da yaxşılaşdırmağın mümkün olub-olmadığını yoxlamaq istəyiblər.
Onlar sadəcə populyar musiqilər səsləndirməyiblər. Xüsusi musiqilərdən istifadə ediblər və bunları ABS ilə birləşdiriblər — bu, beyin fəaliyyətinə təsir göstərmək məqsədi daşıyan incə, ritmik səslərdir. Bu yanaşmanın ideyası ondan ibarətdir ki, bu səs impulsları beynin ritmini “uyğunlaşdıraraq” onu sakit vəziyyətə doğru yönləndirə bilər.
İştirakçılar qruplara bölünüb və müəyyən müddətlərdə ya bu xüsusi musiqini, ya da “pink noise” adlı nəzarət səslərini dinləmələri istənilib. Pink noise ağ səsə bənzəyir, amma daha yumşaq, dərin və sakitləşdirici olur. Dinləmə müddətləri belə olub: 12, 24 və 36 dəqiqə.
Nəticələr diqqətçəkici olub. Pink noise ciddi dəyişiklik yaratmasa da, ABS ilə musiqi dinləyən qruplarda həm:
somatik narahatlıq (bədəndə titrəmə, ürəyin sürətli döyünməsi kimi fiziki simptomlar),
həm də kognitiv narahatlıq (beyində fırlanan fikirlər, davamlı qayğı və narahat düşüncələr)
əhəmiyyətli dərəcədə azalıb.
Sınaqdan çıxan ən faydalı nəticələrdən biri isə “ən ideal dinləmə müddətinin” tapılması olub. Bütün musiqi seansları faydalı təsir göstərsə də, 24 dəqiqəlik dinləmə ən effektiv nəticəni verib. Görünür, 12 dəqiqə beynin vəziyyətini tam dəyişmək üçün yetərli olmur, 36 dəqiqə isə daha uzun vaxt sərf etməyə dəyəcək qədər əlavə fayda vermir. 24 dəqiqə isə ideal balansdır — həm təsirli, həm də günün içində rahatlıqla tapıla biləcək vaxtdır (məsələn, nahar fasiləsində və ya yolda).
Terapiya və dərman müalicəsi olsa belə, bir çox insan gündəlik həyatında tam keçməyən “aşağı səviyyəli stress” hissi ilə yaşayır. Bu tədqiqatı maraqlı edən əsas cəhət onun asan əldə edilə bilən və əlçatan olmasıdır. Çünki ənənəvi terapiya bahalıdır və vaxt tələb edir, dərmanların isə yan təsirləri ola bilər. Bu üsul isə sanki terapevtik aləti cibinizə qoyur.
Biz artıq bilirik ki, musiqi beyində dopamin ifrazını artırır və kortizol kimi stress hormonlarını azaldır. Bu təbii effekti Auditory Beat Stimulation ilə daha da gücləndirməklə, biz “istənilən yerdə və istənilən vaxt istifadə edilə bilən” yeni bir rəqəmsal müalicə (digital medicine) forması ilə qarşı-qarşıya ola bilərik.
Əlbəttə, tədqiqatçılar bunu “möcüzəvi həll” kimi təqdim etmirlər. ABS-li musiqi nə terapevti, nə də dərman müalicəsini əvəz etməyəcək. Amma emosiyaları tənzimləməkdə çətinlik çəkdiyiniz anlarda, əlavə dəstək kimi çox güclü bir vasitə ola bilər.
Gələcəkdə bu cür səsləri şəxsin ehtiyacına uyğunlaşdıran tətbiqlərin (app-lərin) ortaya çıxması tam mümkündür. Elə bir dünya təsəvvür etmək olar ki, anksiyete yüksələndə onu idarə etmək sadəcə qulaqcıqları taxıb gözlərini bağlayaraq 20 dəqiqə dinləmək qədər asan olsun.
Mənbə: Digital Trends
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
