İyul 8, 2026
Baku
Dünya Hadisə Xəbərlər

Çilidə meşə yanğınları: azı 18 nəfər ölüb, “fəlakət vəziyyəti” elan edilib

Çili prezidenti Qabriel Boriç ölkənin iki regionunda baş verən və azı 18 nəfərin ölümünə səbəb olan dağıdıcı meşə yanğınları ilə əlaqədar “fəlakət vəziyyəti” elan edib.
Paytaxt Santyaqodan təxminən 500 km cənubda yerləşən Ñuble və Biobío regionlarında 50 mindən çox insan təxliyə edilib.
Prezident Boriç ölənlərin sayının arta biləcəyini bildirib.
Ən təhlükəli yanğın sahilyanı Konsepsyon şəhəri yaxınlığındakı quru meşə zolaqlarını əhatə edib. Fövqəladə hallar xidmətinin məlumatına görə, təxminən 250 ev tamamilə yanaraq məhv olub. Yerli media küçələrdə yanmış avtomobillərin görüntülərini yayımlayıb.
Çilinin Meşə Təsərrüfatı Agentliyi (Conaf) bildirib ki, bazar günü ölkə üzrə yanğınsöndürənlər 24 ayrı yanğınla mübarizə aparıblar. Agentliyin sözlərinə görə, ən təhlükəli ocaqlar Ñuble və Biobío regionlarındadır.
Bu iki bölgədə indiyədək 8 500 hektardan (təxminən 21 min akr) çox ərazi yanıb.
“Davam edən və ciddi təhlükə yaradan meşə yanğınlarını nəzərə alaraq, bu iki regionda fəlakət vəziyyəti elan etmək qərarına gəldim,” – deyə Boriç X sosial şəbəkəsində yazıb.
“Bütün resurslar səfərbər olunub,” – o əlavə edib.
Fəlakət vəziyyəti çərçivəsində Çilinin silahlı qüvvələri yanğınlarla mübarizəyə cəlb edilə bilər.
Əsas təxliyə işləri Konsepsyonun şimalında yerləşən Penco və Lirquen şəhərlərində aparılıb. Bu iki şəhərin ümumi əhalisi təxminən 60 min nəfərdir.
Güclü küləklər və yay mövsümünə xas yüksək temperatur alovun sürətlə yayılmasına səbəb olub, yaşayış məntəqələrini təhlükə altına salıb və yanğınsöndürmə işlərini çətinləşdirib.
Çilinin böyük hissəsində isti hava ilə bağlı xəbərdarlıqlar qüvvədədir. Yaxın günlərdə Santyaqo ilə Biobío arasında temperaturun 38 dərəcəyədək yüksələcəyi gözlənilir.
Qeyd edək ki, Çili son illərdə uzunmüddətli quraqlığın təsiri ilə daha da şiddətlənən bir sıra dağıdıcı meşə yanğınları ilə üzləşib. İki il əvvəl Santyaqo yaxınlığındakı Valparaiso regionunda baş verən yanğınlar nəticəsində azı 120 nəfər həyatını itirmişdi.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az