İyul 8, 2026
Baku
Ədəbiyyat Tarixdə bu gün

18 Yanvar – Xalq artisti, kinorejissor Eldar Quliyevin 85 illiyi, (1941)

“Mən bu fikirdəyəm ki, Eldarın “Bir cənub şəhərində” filmi sənət əsəri kimi çox güclü, çox dəyərlidir”.
Xalq artisti Tofiq Quliyev
1979-cu ildə Eldar Quliyevin çəkdiyi “Babək” filmi professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə “Babək” filmi 52 ölkə tərəfindən satın alınıb.

Eldar Quliyev – Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, filmlərin bədii rəhbəri, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), Azərbaycanın xalq artisti, “Debüt” studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976) Qırmızı Əmək Bayrağı Ordeni, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.
Görkəmli Azərbaycan kinorejissoru, xalq artisti, professor Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960-1966-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində, Serqey Gerasimovun kursunda təhsil alıb. 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. “Biri vardı, biri yoxdu…” adlı ilk qısametrajlı filmini çəkib. Kifayət qədər tanınmış bədii vəsənədli filmin müəllifidir. 1969-cu ildə ilk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. Bunlarla yanaşı “Ən vacib müsahibə”, “Var olun, qızlar…”, “Ürək… Ürək…”, “Nizami”, “Nə gözəldir bu dünya…”, “Girov”, “İstanbul reysi”, “Dərvişin qeydləri” və s. filmlərə quruluş verib.Həmçinin bir neçə filmin ssenari müəllifidir.
Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülmüşdür. “Debüt” studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur.Eldar Quliyev öz bilik və təcrübəsini cavanlara ötürməyi, “Debüt” Eksperimental Gənclik yaradıcılıq studiyasının rəhbəri kimi isə neçə-neçə gəncə yardımçı olmağı özünə borc bilir. Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan Eldar Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidentidir.
Rejissor olduğu filmlər: “Səməd Vurğun” (1966), “Biri vardı, biri yoxdu”(1967), “Bir cənub şəhərində” (1969), “Abşeron ritmləri” (1970), “Ən vacib müsahibə” (1971), ”Var olun qızlar” (1972), “Səmt küləyi” (1973), ”Ürək…Ürək” (1976), “Sevinc buxtası” (1977), “Babək” (1979), “Yalançını evinəcən qovarlar” (1981), “Nizami” (1982), “Gümüşgöl əfsanəsi” (1984), “Unudulmuş qəhrəman” (2005), “Heydər Əliyev” “Dünyaya pəncərə” (2006), “İstanbul reysi” (2010), “Dərvişin qeydləri” (2013) və s.

Gundelik.az