Mədənçıxarma sənayesində istehsal olunan əsas məhsullardan biri təbii qazdır.
Azərbaycan hər il təbii qaz istehsal edir. Bəs son 5 ildə Azərbaycanda nə qədər təbii qaz istehsal olunub.
Gundelik.az Valyuta.az-a istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 46 milyard 451,3 milyon kub metr təbii qaz istehsal olunub. 2024-cü ilin eyni dövründə isə istehsal həcmi 46 milyard 33 milyon kub metr təşkil edib. Beləliklə, 2025-ci ilin müvafiq dövründə təbii qaz istehsalında 418,3 milyon kub metr, yaxud 0,96% artım qeydə alınıb.
2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 44 milyard 221 milyon kub metr təbii qaz istehsal edilib. Bu göstərici ilə müqayisədə, 2024-cü ilin eyni dövründə istehsal 1 milyard 811,9 milyon kub metr, yaxud 4,09% artıb.
2022-ci ilin ilk 11 ayında təbii qaz istehsalı 42 milyard 498 milyon kub metr olub. 2023-cü ilin eyni dövründə isə istehsal həcmi 1 milyard 723,1 milyon kub metr, yəni 4,05% artım göstərib.
2021-ci ilin yanvar-noyabr aylarında ölkədə 39 milyard 697,5 milyon kub metr təbii qaz istehsal edilib. Bu da 2022-ci ilin eyni dövründə istehsalın 2 milyard 800,5 milyon kub metr, yaxud 7,05% artması deməkdir.
Qeyd edək ki, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 33 milyard 348,7 milyon kub metr təbii qaz istehsal olunub. 2021-ci ilin eyni dövründə isə istehsal həcmi 6 milyard 348,8 milyon kub metr, yaxud 19,03% artıb.

