Bernard Luisin “Müsəlmanlar harada səhvə yol verdilər” kitabında belə bir cümlə var: “Azadlıq və bərabərlik ideyalarını ingilislər fikirləşdilər, fransızlar həyata keçirdilər”.
Son illərdə və son olaylarda qısa məsafəli düşünə bilən adamlar İrandakı türkləri bizə doğru çəkməkdənsə, fars millətçiliyinin ixtiyarına buraxmaq kimi fikirlər səsləndirirlər.
Gələcəyimiz üçün bundan böyük təhlükə ola bilməz düşüncəsindəyəm! Ola bilsin ki, səfəvi keçmişləri İrandakı türkləri hələ də fars millətçiliyi ilə iç-içə qalmağa məhkum etsin.
Amma biz onların da yerinə düşünməklə, yeni ideyalar ürətməklə bu məsələni öz xeyrimizə dəyişə bilərik. Bizim ideyalarımız onların gözünü və üzünü bizə çevirə bilər.
İngilislərin və fransızların nümunəsində bu prosesin tarixi örnəyini də göstərdim. Tamam ayrı-ayrı, hətta düşmən olan xalqlar belə bir-birinin ideyasını mənimsəyib yenilənə biliblər axı.
Tarix uzun məsafəli düşünənlərin üzünə gülür. Qısa məsafəli düşünənlərin üzünə gülən taledir. Tale isə xəyanətkardır; axşam səni milyonçu kimi yuxuya verər, səhər dilənçi kimi oyanarsan.
Şair, yazıçı Aqşin Yenisey
Gundelik.az
