Papa Leo ilk Milad müraciəti zamanı Ukrayna və Rusiyanı müharibəyə son qoymaq üçün birbaşa danışıqlara başlamağa çağırıb. O, Vatikanın Müqəddəs Pyotr meydanında toplaşan insanlara müraciət edərək tərəfləri sülh üçün “cəsarət” nümayiş etdirməyə səsləyib.
Pontifik Milad günü ənənəvi olaraq katolik dünyasına ünvanlanan Urbi et Orbi müraciəti zamanı dünya üzrə davam edən münaqişələrin bitməsinin vacibliyini vurğulayıb. Ukraynadakı müharibəyə toxunan Papa Leo bildirib:
“Silahların səsi dayansın və münaqişədə iştirak edən tərəflər beynəlxalq ictimaiyyətin dəstəyi və öhdəliyi ilə səmimi, birbaşa və qarşılıqlı hörmətə əsaslanan dialoqa başlamaq üçün cəsarət tapsınlar”.
Papa Leonun bu çağırışı ABŞ-nin rəhbərliyi ilə müharibəni dayandırmaq məqsədilə aparılan danışıqların davam etdiyi bir vaxta təsadüf edir. ABŞ hər iki tərəf üçün məqbul olan razılaşma əldə etməyə çalışır. Lakin diplomatik səylərin bu son mərhələsində Rusiya və Ukrayna arasında birbaşa danışıqlar baş tutmayıb.
Papa Leo çıxışında yalnız Ukraynadakı müharibəyə deyil, eyni zamanda dünyanın müxtəlif bölgələrində davam edən digər münaqişələri də vurğulayaraq sülhə çağırış edib.
Mənbə: BBC
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
