ABŞ Prezidenti Donald Tramp populyarlığının azalması və iqtisadiyyatla bağlı artan narazılıqlar fonunda milli televiziya çıxışında xalqa müraciət edib. O, çıxışında siyasi və iqtisadi sahələr üzrə uğur qazandıqlarını iddia edib.
Tramp çərşənbə günü axşam saatlarında əsas televiziya kanallarında yayımlanan çıxışında vəzifədə olduğu ilk il ərzində əldə edilən nailiyyətləri ön plana çəkib. Bununla belə, iqtisadi vəziyyətlə bağlı ictimai narazılıqların artdığı bir dövrdə bu iddialar diqqət çəkib.
Prezidentin çıxışı son vaxtlar səsləndirdiyi fikirlərin təkrarı kimi qiymətləndirilir və ərzaq məhsullarının, mənzil xərclərinin, kommunal xidmətlərin və digər əsas tələbat mallarının bahalaşması ilə bağlı narahatlıqları aradan qaldıra bilməyib.
Tramp iqtisadi yüksəliş vəd etsə də, tətbiq olunan idxal rüsumlarından sonra inflyasiya yüksək səviyyədə qalmağa davam edib, əmək bazarında isə ciddi zəifləmə müşahidə olunub.
Çıxış zamanı o, ölkənin 1,45 milyon hərbi qulluqçusunun hər birinə 1 776 dollar məbləğində “hərbi qulluqçular üçün xüsusi əlavə ödəniş” veriləcəyini açıqlayıb. Prezident bu vəsaitin tariflər hesabına maliyyələşdirildiyini desə də, həmin tariflərin istehlak qiymətlərinin artmasına və bir çox ailənin maliyyə yükünün ağırlaşmasına səbəb olduğu qeyd olunur.
“Çeklər artıq yoldadır”,- deyə Tramp bildirib. Ümumi məbləği təxminən 2,6 milyard dollar təşkil edən bu ödənişin məbləği ABŞ-nin Müstəqillik Bəyannaməsinin imzalanmasının gələn il qeyd olunacaq 250 illiyi ilə bağlıdır.
Mənbə: Euronews
Tərcümə etdi: Gülçin Abdullayeva
