ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı təzyiqlərin artırıldığını və narkotik ticarətinin qarşısını almaq məqsədilə sərt addımlar atılacağını bildirib.
Gundelik.az xəbər verir ki, o, Ağ Evdə jurnalistlərə açıqlamasında Venesueladan ABŞ-yə göndərilən narkotiklərin həcminin onun hakimiyyəti dövründə 91 faiz azaldığını iddia edib. Tramp bu nəticənin həyata keçirdikləri siyasətin nəticəsi olduğunu vurğulayıb.
Venesuela Prezidenti Nikolas Maduro ilə qısa söhbəti olduğunu deyən ABŞ lideri, ona müəyyən xəbərdarlıqlar etdiyini bildirib. Tramp Venesuelanın ABŞ-yə yalnız narkotik deyil, həm də göndərməməli olduğu şəxslər göndərdiyini iddia edib. O, narkotik daşıyan qayıqlara qarşı aparılan əməliyyatlara işarə edərək, tezliklə qurudan müdaxilələrə başlanılacağını diqqətə çatdırıb.
ABŞ prezidenti əlavə edib ki, qayıqlara zərbə endirilməsi qərarını dəstəkləyir, çünki onların ölkədə insanların həyatını təhlükə altına qoyduğunu düşünür.
