Heydər Əliyev Sarayında təqdim olunan “Şəbi hicran” muğam kompozisiyası Azərbaycan musiqi və teatr sənətinin bir-birinə ən incə tellərlə bağlı olduğu anlardan biri oldu. Bu əsər təkcə klassik muğamın poetikasını təqdim etmədi, həm də teatrın, bədən plastikasının, səhnə işıqlarının, dekor və məkansal həllin musiqi ilə sintezini tamaşaçının gözləri önündə göstərdi. Bu, həm tarixi ənənənin, həm də çağdaş səhnə estetikalarının eyni zamanda birləşdiyi, canlı bir sənət laboratoriyası idi.
Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova kompozisiyanın mərkəzində idilər. Onların səsi, nəfəsi və içində gizlənmiş eşq ağrısı səhnədə sanki əsrlərin içindən gəlmiş kimi doğuldu. 68 yaşında səhnəyə çıxan Alim Qasımovun Məcnunu, gənc ruhun təravətini qoruyaraq, hər not, hər pauza, hər titrəyişdə insan ruhunun ən dərin qatlarını açırdı. Onun səsi təkcə texniki ustalıq deyil, illərin süzgəcindən keçmiş mənəvi alov, Məcnunun içində yanan eşqin səsi idi. Tamaşaçı onun nəfəsini, hər titrək vokal pasajını izləyərkən, sanki Məcnunun iç dünyasının ən incə hisslərinə toxunurdu.
Fərqanə Qasımovanın Leylisi isə muğamın qadın enerjisinin canlı təcəssümü idi. Onun səsi incəlik və qüvvət arasında mükəmməl balans yaradır, Leyli obrazını həm zərif, həm də sərbəst ruhlu bir qadın kimi təqdim edirdi. Alim müəllimlə Qasımovanın səhnədə qurduğu musiqi dialoqu təkcə ifa deyil, iki ruh arasında görünməz bağın, tarix və mədəniyyətin səhnədə canlanması idi. Onların performansı, sanki, Azərbaycan musiqisinin və teatrının əbədi bir metaforası kimi qəbul olunmalıydı.
Kompozisiyanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, plastik həllin müəllifi isə Əməkdar artist Bəhruz Vaqifoğlu idi. Onların teatr dilini muğamla sintez edən yanaşması “Leyli və Məcnun”un əsrlərdir davam edən eşq yanğısını səslə, bədənlə və işıqla yeni bir mətndə təqdim etdi.
İfaları Nərgiz Əliyevanın bədii rəhbərliyi ilə “Qarabağ” orkestri müşayiət edirdi.
Muğam səslə teatrlaşır, teatr isə bədənin dili ilə musiqiyə cavab verir. Gənc aktyorların pantomimi sözsüz ifadə vasitəsi kimi tamaşanın emosional yükünü ikiqat artırırdı; onların jest və mimikaları Leyli ilə Məcnunun sevgi yanğınını hər bir baxış və hərəkət vasitəsilə tamaşaçıya çatdırırdı.
Səhnədə bir anlıq texniki problem də yaşandı: Fərqanə Qasımovanın səsi xışıltılı və qırıq-qırıq eşidildi. Tamaşaçı zala yayılan gərginliyi hiss etdi. Lakin Alim Qasımov səhnədəki gərginliyi bir anda yumşaldaraq, gülümsədi və deyirdi:
— Mikrofonda problem var… Aylardır məşq edirdik, yoxlayırdıq bu mikrofonları, gəlib bu gün belə oldu…
Zal gülüşlə alqışladı, gərginlik yox oldu. Mikrofon dəyişdirildi, Fərqanə xanım səhnəyə çıxdı və onun pərişan, bir az da divanə səsi Leylini sanki daxildən alovlandırdı. Bu, artıq təkcə bir ifa deyildi; Leylinin ruhunun səhnəyə daşınması idi.
Səhnə dekoru və işıqlar tamaşanın dramatik axınını tamamlayan xüsusi bir dil idi. Leylinin səhnələri yumşaq, ağ işıqlarla işıqlandırılır, Məcnunun məkanı isə qaranlıq və sarımtıl tonlarla dramatik kontrast yaradırdı. Kölgə ilə işığın dialoqu, minimal, amma məna yüklü dekor səhranın boşluğunu, Məcnunun iç dünyasının tənha çırpıntısını vizual olaraq göstərirdi. Bu, sadəcə vizual effekt deyildi; musiqi və teatrın harmoniyasını, insan duyğularının vizual təcəssümünü göstərən bir metafor idi.
Son zamanlar Alim Qasımovla bağlı yayılan mənasız tənqidlərə “Şəbi hicran” ən sərrast cavab oldu. Onun 68 yaşında belə yenilikçi, cəsarətli və alovlu performansı Azərbaycan musiqisinin həm gənc nəsillərə ötürülməsində, həm də muğamın sərhədlərini genişləndirməkdə nümunəvi oldu. Alim Qasımov təkcə bir muğam ustadı deyil, milli sənətin canlı yaddaşıdır. Onun səsi bir məktəb, nəfəsi bir yol, sənətə bağlılığı isə bir irsdir. “Şəbi hicran” bu irsin növbəti zirvəsi oldu – bu zirvədən həm Leylinin işığı, həm Məcnunun atəşi, həm də Alim Qasımovun bitməyən alovlu nəfəsi görünürdü.
Bu kompozisiya, yalnız bir tamaşa deyil, həm də Azərbaycan musiqi və teatrının gələcək nəsillərə ötürüləcək canlı irsi, ruhi bir xəzinədir. Orada hər not, hər jest, hər işıq səhnəyə gələn hər kəsi sanki eşq və məhəbbətin dərinliyinə aparır. “Şəbi hicran” Alim Qasımovun sənətində yalnız bir ifa deyil, həm də onun ruhunun alovu, muğamın sonsuzluq çağırışı idi.

Gundelik.az
