İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Şimali Koreyanın keçmiş lideri vəfat edib

Şimali Koreyanın keçmiş ali dövlət rəsmisi Kim Yonq-nam 97 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Gundelik.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Məlumata görə, Kim Yonq-nam 1998–2019-cu illərdə KXDR Konstitusiyasına əsasən ölkənin ən yüksək rütbəli vəzifəsini – Ali Xalq Məclisinin (SPA) Rəyasət Heyətinin sədrliyini icra edib.

KCNA-nın notasına əsasən, “Kim Yonq-namın həyatı ən yüksək şərəf, sədaqət və bacarıqla partiya və liderə bağlı bir inqilabçının parlaq həyatı olub”.

1928-ci ildə Pxenyanda anadan olan siyasətçi 1946-cı ildən Rusiyada təhsil alıb. O, əvvəlcə Tomsk Universitetinin tarix fakültəsində, daha sonra isə Rostov Dövlət Universitetində oxuyub. Partiya sıralarında yüksələrək 1998-ci ildə KXDR Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri vəzifəsinə təyin olunub.

Kim Yonq-nam beynəlxalq səviyyədə Şimali Koreyanı təmsil edib, o cümlədən 2008-ci il Pekin Yay Olimpiya Oyunları və 2014-cü il Soçi Qış Olimpiya Oyunlarının açılış mərasimlərində iştirak edib.

Onun dəfn komissiyasına ölkə lideri Kim Çen In başda olmaqla 100 nəfər daxildir. Tabut mərasiminin noyabrın 5-də keçiriləcəyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl Kim Çen In KXDR və Rusiya arasında dostluq münasibətlərinin “pik həddində” olduğunu bəyan etmişdi.

Gundelik.az