Müasir dövrdə cəmiyyətdə yaranan mübahisələrin məhkəməsiz, sülh yolu ilə həllinə artan maraq mediasiya institutunun əhəmiyyətini daha da ön plana çıxarır. Bu üsul təkcə hüquqi prosesin sadələşməsinə deyil, həm də insanların bir-birinə inam və hörmət ruhunda münasibət qurmasına xidmət edir.
Bu barədə ətraflı danışmaq üçün biz peşəkar hüquqşünas–mediator Aqil Əsgərovla həmsöhbət olduq. O, müsahibəsində aktual mövzulara toxunaraq mediasiyanın mahiyyəti, cəmiyyətdə rolu və hüquqi mədəniyyətə təsiri barədə maraqlı fikirlərini bölüşdü.
Müsahibəni Gundelik.az izləyicilərinə təqdim edirik:
Aqil müəllim, “Mediasiyada qalib və məğlub yoxdur, razılıq və anlaşma var”, deyirlər. Elə isə, Mediasiyanın mahiyyəti və əhəmiyyəti nədən ibarətdir?
– Mediasiya, mübahisələrin sülh yolu ilə, tərəflərin qarşılıqlı razılaşması əsasında həllini təmin edən alternativ mübahisə həlli üsuludur. Onun əsas mahiyyəti ondan ibarətdir ki, tərəflər ədalətli və neytral vasitəçi – yəni mediatorun köməyi ilə öz problemlərini məhkəməyə müraciət etmədən, könüllü şəkildə həll edirlər. Mediasiyanın əhəmiyyəti ilk növbədə insan münasibətlərinin qorunmasında, emosional və maddi itkilərin azaldılmasında, ədalətin isə daha çevik və humanist şəkildə bərpasında özünü göstərir. Xüsusilə ailə, əmək, kommersiya və icma münasibətlərində bu üsul qarşılıqlı etimadı bərpa etməyə kömək edir.
Cəmiyyətə mediasiya anlayışını necə izah etmək olar? Onu məhkəmədən fərqləndirən əsas xüsusiyyət nədir?
– Mediasiya, tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq və anlayış yolu ilə, neytral vasitəçi olan mediatorun köməyi ilə həll edilməsidir. Bu prosesin məqsədi qalib və məğlub tərəf tapmaq deyil, hər iki tərəfin maraqlarına uyğun, ədalətli və davamlı bir həll yoluna gəlməkdir.
Mediasiyanı məhkəmədən fərqləndirən əsas xüsusiyyət onun “könüllülük, gizlilik və qarşılıqlı etimad prinsiplərinə” əsaslanmasıdır. Məhkəmədə qərarı hakim verir, mediasiyada isə qərarı tərəflərin özləri qəbul edirlər. Burada hökm yox, dialoq və razılıq əsas rol oynayır.
Sizcə, mediasiya cəmiyyətdə hansı sosial problemlərin həllində daha effektivdir?
– Mediasiya, insan münasibətlərinə əsaslanan bütün sahələrdə effektiv nəticə verir. Ən çox isə ailə, əmək, kommersiya və icma mübahisələrində tətbiqi faydalıdır. Ailə münasibətlərində mediasiya qarşılıqlı anlayışın qorunmasına, uşaqların maraqlarının müdafiəsinə və münasibətlərin tam pozulmadan davam etməsinə yardım edir. Əmək mübahisələrində həm işçinin, həm də işəgötürənin maraqları balanslaşdırılır, uzunmüddətli məhkəmə proseslərinin qarşısı alınır. Biznes münasibətlərində isə tərəflər arasında etimad qorunur və əməkdaşlıq davamlı olur. Ümumilikdə mediasiya emosional gərginliyin azaldılmasına, sosial barışın və qarşılıqlı hörmətin bərpasına xidmət edir.
Bu institutun formalaşması cəmiyyətin hüquqi mədəniyyətinə nə kimi töhfə verir?
– Mediasiya institutunun formalaşması cəmiyyətin hüquqi mədəniyyətinə çox mühüm təsir göstərir. İnsanlarda hüquqi düşüncə və məsuliyyət hissini gücləndirir. Onlar anlayırlar ki, mübahisəni yalnız məhkəmədə deyil, dialoq və anlaşma yolu ilə də ədalətli şəkildə həll etmək mümkündür.
Bundan əlavə, mediasiya insanların ünsiyyət bacarığını, dinləmə və razılığa gəlmə mədəniyyətini inkişaf etdirir. Bu, həm hüquqa inamı artırır, həm də cəmiyyətdə qarşılıqlı hörmət mühitini gücləndirir.
Məhkəmələrin iş yükünün azalması və ədalətə çıxışın daha səmərəli təmin olunması da mediasiyanın önəmli nəticələrindəndir. Qısası, mediasiya hüquqi mədəniyyətin, sosial harmoniyanın və insan münasibətlərində barışığın formalaşmasına xidmət edən vacib bir mexanizmdir.
Son olaraq, mediasiyanın cəmiyyətdə daha geniş tətbiqi üçün nə edilməlidir?
– Əvvəlcə bu sahədə maarifləndirmə gücləndirilməlidir. İnsanlar mediasiyanın nə qədər faydalı olduğunu bildikcə, məhkəmədən öncə bu yola müraciət etməyə meyilli olacaqlar. Məktəblərdə, universitetlərdə hüquqi maarifləndirmə proqramlarında mediasiya mədəniyyətinin təbliği də çox önəmlidir.
Aktual mövzulara aydınlıq gətirdiyinə görə “Etika” Komitəsinin keçmiş sədri, peşəkar mediator Aqil Əsgərova təşəkkürümüzü bildiririk.

Gundelik.az
